Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Prezident Rəcəb Tayyib Ərdoğan haqqında sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Teleqraf-ın xəbərinə görə, mərkəzin açıqlamasında bildirilir ki, bu məlumatlar tamamilə əsassızdır:
"Bəzi media orqanlarında və sosial şəbəkə paylaşımlarında Türkiyə Prezidentinə istinad edilərək səsləndirilən “Türkiyənin İsrailə qarşı işğal təhdidi ilə çıxış etdiyi” barədə iddialar tamamilə əsassızdır.
Həmin paylaşımlarda yer alan iddialar reallıqla uzlaşmayan və regional sabitliyə zərər vurmağı hədəfləyən ifadələrdir. Türkiyə Respublikası əsrlərə söykənən dövlət ənənəsi və baxışı çərçivəsində hər zaman, başda regionumuz olmaqla bütün coğrafiyalarda qan tökülməsinin dayandırılması, mülki şəxslərin qorunması və davamlı sülhün təmin edilməsi üçün öncül rol oynamaqdadır.
Regional böhranların və mübahisələrin həllində də hər zaman beynəlxalq hüquqa və diplomatik kanallara üstünlük verən ölkəmiz gərginliyi artıran deyil, əksinə azaldan mövqe nümayiş etdirir. Cənab Prezidentimizin liderliyi ilə Türkiyə hər hansı ayrı-seçkilik etmədən bölgə xalqlarının sülh, təhlükəsizlik və rifah içində yaşamasını prioritet hesab edir.
Türkiyənin mübarizəsini və humanitar mövqeyini təhrif edərək təqdim etməyə çalışan manipulyativ məzmunlara etibar edilməməlidir. Ölkəmiz dünən olduğu kimi bu gün də regionunda ədalətin, sülhün və sağlam düşüncənin səsi olmağa davam edəcəkdir".