Ukrayna da yorulub, Qərb də... Savaşı dayandırmağa cəhd göstərəcəklər 

"Avropa siyasi dairələri, Qərb ölkələri gec-tez Ukraynaya itirdiyi torpaqların müqabilində müəyyən təhlükəsizlik təminati verə bilərlər". 
Bu barədə "Sherg.az"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. 
Ekspert bildirib ki, Qərb ölkələri bununla atəşkəs rejimi tətbiq etməyə və savaşı dayandırmağa cəhd göstərəcəklər: 
"Hər halda, müharibənin bu şəkildə davam etməsi Avropanın aparıcı siyasi dairələrini qane etmir. Ona görə də düşünürəm ki, son nəticədə tərəflər ortaq məxrəcə gələcəklər. Ukrayna yəqin ki, hərbi əməliyyatları dayandırmaq yönündə addımlar atacaq. Əlbəttə, müharibənin bitməsindən söhbət getmir. Amma müvəqqəti dayandırılması və aralıq sənədin imzalanması mümkündür. Hadisələr ancaq bu cür yekunlaşa bilər". 
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Qərb ölkələrinin əhalisinin əhəmiyyətli hissəsinin, o cümlədən siyasətçilərin Ukraynadakı silahlı konfliktdən yorulduqlarını deyib: “Əlbəttə, xeyli insan konfliktdən yorulub, bu aydındır. Bəzi avropalı siyasətçilər də yorulub. Lakin Ukraynaya yardımın heç bir alternativi yoxdur”.