Ukraynanın Krımı tam hərbi nəzarət altına alma imkanları məhduddur - Politoloq

  • Bunun əsas səbəbləri resurs balansı, hava üstünlüyü məsələləri və Rusiyanın yarımadada formalaşdırdığı müdafiə sistemləridir

Ukrayna və Rusiya arasında 4 ildir ki, davam edən müharibə ən şiddətli dövrünü yaşayır. Ukraynanın Rusiyanın paytaxtı Moskvaya intensiv hücumlarından sonra qarşı tərəf də cavab zərbələrini gücləndirib. Ötən gün Rusiya Kiyevi "İsgəndər"lə bombalayıb. Ölənlərin sayı 40 nəfəri ötüb.

Kiyevdə ard-arda matəm elan edilib. Müharibə şiddətləndikcə, Avropa İttifaqı və NATO ölkələri də Ukrayana yardımı gücləndirir. NATO-nun Baş katibi Mark Rütte, alyansın Ankarada baş tutan sammitində, ölkələri Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirməyə çağırıb. Cəbhədə gedən müharibə informasiya məkanında da öz əksini tapır. Ukraynanın sabiq xarici işlər naziri Vladimir Oqrızko bildirib ki, Krımı təcrid edəcəkləri təqdirdə, Rusiya daxilində vəziyyət qarışacaq. Onun sözlərinə görə, belə bir senaridə Putin yaxın ətrafı tərəfindən sui-qəsdə məruz qala bilər. 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a bildirib ki, Ukraynanın Krımı geri alma potensialı həm hərbi, həm də siyasi və geostrateji amillərin kompleks şəkildə qiymətləndirilməsini tələb edir:

“Hazırkı mərhələdə Kiyevin əsas hərbi prioriteti cəbhə xəttində mövqelərin möhkəmləndirilməsi, müdafiə qabiliyyətinin artırılması və müharibəni Rusiyanın dərinliklərinə keçirməkdir. Krım isə həm Rusiya üçün strateji hərbi baza, həm də Qara dəniz regionunda logistik və hərbi nəzarət mərkəzi kimi çıxış edir. Buna görə də həmin məqsədə nail olmaq təkcə hərbi güclə mümkün deyil. Bu, uzun müddət davam edə biləcək siyasi və iqtisadi təzyiqləri də əhatə edən mürəkkəb prosesdir". 

Politoloqun sözlərinə görə mövcud vəziyyətdə, Ukraynanın Krımı tam hərbi nəzarət altına alma imkanları məhduddur:

"Bunun əsas səbəbləri resurs balansı, hava üstünlüyü məsələləri və Rusiyanın yarımadada formalaşdırdığı müdafiə sistemləridir. Bununla belə, Ukraynanın uzaqmənzilli zərbələr, logistika xətlərinin pozulması və Rusiya hərbi infrastrukturuna təzyiq vasitəsilə Krımı funksional olaraq təcrid etməyə çalışması kifayət qədər real imkan kimi qiymətləndirilir. Belə bir yanaşma uzunmüddətli perspektivdə siyasi danışıqlar üçün əlavə təzyiq aləti rolunu oynaya bilər".

R.Bayramov qeyd edib ki, Rusiya daxilində Putinə qarşı sui-qəsd iddiaları siyasi spekulyasiya xarakteri daşıyır: 

"Avtoritar sistemlərdə elita daxilində narazılıqların mövcudluğu istisna olunmasa da, bu narazılıqların avtomatik olaraq çevriliş və ya lider dəyişikliyinə gətirib çıxarması heç də asan proses deyil. Xüsusilə güc strukturlarının yüksək mərkəzləşməsi, təhlükəsizlik aparatının rolu və siyasi sistemin nəzarət mexanizmləri belə senarilərin reallaşmasını demək olar ki, mümkünsüz edir. Bir sözlə, Putinə yaxın qüvvələrin onun əleyhinə birləşməsi ehtimalı indiki halda real görünmür. Bunun üçün ciddi sistem böhranı, elita daxilində parçalanma və idarəetmənin iflic vəziyyətdə olması şərtdir. Hazırkı mərhələdə, Rusiya hakimiyyət sistemi daxilində açıq parçalanma əlamətləri sistematik xarakter daşımır".