Astronomlar Ayın cazibə sahəsindəki incə dəyişiklikləri təhlil edərək səthin 100 metr altında gizlənən və eni bir kilometri aşa bilən dörd nəhəng lava borusu namizədi müəyyən ediblər.
Alimlər Ayın vulkanik keçmişinin səthin altında ərimiş qaya çayları ilə oyulmuş çoxlu sayda tunel buraxdığını uzun müddətdir təxmin edirdilər.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Ayın cazibə sahəsindəki kiçik dalğalanmaları araşdıran yeni bir tədqiqat səthin təxminən 100 metr altında gizlənən və hər biri bir kilometrdən daha geniş ola biləcək dörd yeraltı tunelin mövcudluğuna dair güclü sübutlar təqdim edib.
Uçmadan bu günə qədər gəlib çatmağı bacaran bu tikililər bir tərəfdən Ayın geoloji tarixinə işıq salır, digər tərəfdən isə gələcəkdəki astronavtları sərt radiasiyadan və həddindən artıq temperatur fərqlərindən qoruya biləcək təhlükəsiz sığınacaqlar kimi görülür.
Aşağı cazibə qüvvəsi nəhəng boşluqlara zəmin yaradıb
Yerdə də nümunələrinə rast gəlinən lava boruları axan lava çayının üst səthinin soyuyub bərkiyərək izolyasiyaedici tavan yaratması və altındakı ərimiş qayanın axmağa davam edib boşalması nəticəsində meydana gəlir. Lakin Aydakı zəif cazibə qüvvəsi, yüksək lava püskürmə sürəti və Ay lavasının daha axıcı quruluşu Yerdəkiləri kölgədə qoyacaq böyüklükdə yeraltı strukturların yaranmasına imkan verib.
Yerdən orta hesabla 384 min 400 kilometr uzaqlıqda olan Ayın səthində yerləşən qıvrımlı kanallar və tavan çökməsi nəticəsində yarandığı düşünülən dərin çuxurlar bu gizli keçidlərin mövcudluğuna dair ilk ipuclarını verirdi.
Cazibə məlumatları ilə dörd namizəd nöqtə müəyyən edilib
İçi boş bir tunel eyni həcmdəki bərk qaya ilə müqayisədə daha az kütləyə malik olduğu üçün üzərindən keçən kosmik aparatların ölçə biləcəyi səviyyədə yüngül bir cazibə zəifləməsi yaradır. NASA-nın 2011 və 2012-ci illərdə əkiz GRAIL peykləri ilə topladığı məlumatlara əsaslanan əvvəlki araşdırmalarda eni 9 kilometrə çatan mümkün tunellər irəli sürülmüş, lakin bu strukturların öz tavan ağırlıqlarını daşıya bilməyəcəyi məlum olmuşdu.
NASA-nın 2025-ci ilin may ayında dərc etdiyi daha yüksək ayırdetmə qabiliyyətinə malik cazibə modelini tədqiq edən İllinoys Çikaqo Universitetinin yer alimləri Xuan Losarkos və Endryu Dombard səth formalarının təsirini təmizləyərək yeraltı boşluqlara işarə edən dörd etibarlı namizəd aşkar ediblər.
Yeraltı kanallar zamanla əriyərək genişlənmiş ola bilər
"Icarus" jurnalında dərc olunan araşdırmaya görə, müəyyən edilən namizədlərdən biri Aydakı ən böyük qıvrımlı kanal olan Vallis Şröteri yaxınlığında, biri Rima Mayran bölgəsində, ikisi isə Vollaston krateri ətrafında yerləşir.
Enlərinin iki kilometrdən az olduğu və 100 metr qalınlığında bir qaya təbəqəsinin altında yerləşdiyi hesablanan bu dörd strukturun açıq bir lava çayının üzərinin bağlanması ilə deyil, kiçik yeraltı kanallardan axan ərimiş qayanın ətrafını əridib aşındırması ilə zamanla genişləndiyi düşünülür.
Tədqiqatçılar mövcud tapıntıların qaya sıxlığındakı fərqlərdən də qaynaqlana biləcəyini qeyd edərək, tunellərin dəqiq mövcudluğunu təsdiqləmək üçün gələcəkdə radar müşahidələrinə və daha ətraflı xəritələşdirmə işlərinə ehtiyac olduğunu vurğulayıblar.