Son xəbərlər

ABŞ-də "Qara cümə"də onlayn alış-veriş rekordu qırıldı

ABŞ istehlakçıları bu il "Qara cümə" ("Black Friday") günü internet üzərindən rekord məbləğdə alış-veriş ediblər. Bununla yanaşı, ənənəvi mağazalara üz tutan alıcıların sayı azalıb.

Oxu.Az Yahoo.com-a istinadən xəbər verir ki, benzin və avtomobil satışları nəzərə alınmadan, ABŞ-də mağazalarda və onlayn platformalarda ümumi pərakəndə satışlar ötən ilin eyni günü ilə müqayisədə 5.8% artıb.

Bu barədə bütün ödəniş formalarını, o cümlədən nağd əməliyyatları izləyən "Mastercard SpendingPulse" məlumat yayıb.

Elektron ticarəti təhlil edən "Adobe Analytics"in məlumatına görə, "Qara cümə" günü ABŞ-də onlayn satışların həcmi 13.1 milyard dollara çatıb. Bu, şirkətin proqnozunu üstələyib və ötən illə müqayisədə 11% artım deməkdir.

Satışların artımı yalnız qiymətlərin yüksəlməsi ilə bağlı olmayıb. "Salesforce" şirkətinin məlumatına əsasən, "Qara cümə" günü sifarişlərin sayı illik müqayisədə 5% artıb.

Onlayn alış-verişdə rekord artım təkcə ABŞ ilə məhdudlaşmayıb. "Salesforce"un hesablamalarına görə, cümə günü dünya üzrə internet satışlarının həcmi 82.7 milyard dollar təşkil edib. Bu, ötən ilin göstəricisindən 5% çoxdur. Həmin məbləğin 19.1 milyard dolları ABŞ bazarının payına düşüb.