Vardanyan oyunu cəmi bir neçə ay çəkdi

Onun  arxasında duranlar da başa düşdü ki, bu layihənin heç bir perspektivi yoxdur

"Xocalı soyqırımı Ermənistanın sistematik siyasətinin bir parçası idi". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib. Nazir bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı Ermənistan və Azərbaycan arasındakı münaqişənin ən böyük cinayət yerinə çevrildi. O qeyd edib ki, Xocalı soyqırımı Ermənistanın sistematik etnik təmizləmə siyasətinin tərkib hissəsidir: 
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı Ermənistan və Azərbaycan arasındakı münaqişənin ən böyük cinayət yerinə çevrildi. Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının da birbaşa iştirakı ilə Xocalıya qarşı hücum əməliyyatı başlatdı. Bu hücum nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca olmaqla 613 mülki şəxs qətlə yetirildi, 487 nəfər şikəst edildi. İnsanlar diri-diri yandırıldılar, başları və əzaları kəsildi, dəriləri soyuldu. Təxminən 1000 nəfər yaralandı, 1275 nəfər əsir düşdü, 8 ailə tamamilə yer üzündən silindi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Bu günə qədər 150 Xocalı sakini itkindir. Xocalıda mülki şəxslərin bu qətliamı təcrid edilmiş və ya nadir bir əməl deyildi, bu, Ermənistanın sistematik siyasətinin bir hissəsi idi. Bu siyasət irqi üstünlüyə, etnik fərqlərə və nifrətə əsaslanır”.

  Ceyhun Bayramov bildirib ki, Ermənistan bəşəriyyətə qarşı cinayətlərinə İkinci Qarabağ müharibəsi dövründə də davam edib: "Döyüş meydanından uzaqda olan Gəncə, Bərdə və Tərtərdə mülki əhaliyə və infrastruktura hücum edərək Ermənistan 2020-ci ildə də 1992-ci ildə törətdiyi eyni müharibə cinayətlərinə baş vurdu. Amma bu zaman o, daha çox mülki itkilərə səbəb olmaq üçün kasetli bombalar, raket sistemləri də daxil olmaqla daha ölümcül silahlardan istifadə etdi. Ermənistanın və onun həm keçmiş, həm də hazırkı rəhbərliyinin bu cinayətlərə görə məsuliyyət daşıması bir sıra beynəlxalq müstəqil mənbələr tərəfindən tanınıb və sənədləşdirilib. Təəssüf ki, Xocalıda və Azərbaycanın işğal edilmiş digər ərazilərində cinayətlər törədənlər hələ də məsuliyyətə cəlb edilməyiblər”.

"Hər kəs Azərbaycan-Türkiyə qardaşlığının sözdə yox, əməldə olduğunu gördü"

  C.Bayramov deyib ki, hər kəs Azərbaycan-Türkiyə qardaşlığının sözdə yox, əməldə olduğunu gördü: "Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ və onun ağrılı nəticələri hər birimizi sarsıtdı. “Elə bir şəxs yoxdur ki, bu faciəni öz faciəsi kimi qəbul etməsin. İlk saatlardan etibarən Azərbaycan Türkiyənin yanında olduğunu bildirdi və xilasedicilər Türkiyəyə yola salındı. Azərbaycan bütün imkanları ilə çalışdı ki, bu məsələ ən qısa zamanda həllini tapsın. Zəlzələdən sonra o bölgələrə getdim və orda zəlzələnin nəticələrini görmək çox ağırdır. Bütün bu faciəyə rəğmən həmin insanların nə qədər güclü və sağlam mənəviyyata sahib olduqlarının şahidi olduq”.

  Nazir bəyan edib ki, rəsmi İrəvan Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib: "Ermənistan danışıqlardan yayınır və verilən təklifə heç bir izah vermədən ondan imtina edir: “Laçın yolu ətrafında çox böyük qanun pozuntusu halları baş verib. Dəhlizdən qanunsuz istifadələr var idi. Bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara məlumat verilib, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri üçün brifinqlər keçirilib. Burada müxtəlif istiqamətlər üzrə yüzlərlə fakt var idi. Bu da təbii ki, Azərbaycan cəmiyyətinin haqlı narazılığına səbəb olmuşdu. O cümlədən dekabrda başlamış etirazların səbəbi də məhz Laçın yolundan qanunsuz məqsədlərlə istifadə ilə bağlı idi. Bilirik ki, məsələnin həlli üçün bəlli çağırışlar var. Həll yollarından biri kimi cənab Prezident Münhen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri ilə görüşdə, daha sonra panel müzakirəsi zamanı Ermənistan-Azərbaycan şərti sərhədində sərhəd-buraxılış keçid məntəqələrinin qurulmasını təklif etmişdi. Bu, dəhlizdə şəffaflığı təmin edə bilər. Çünki hər kəs bilir ki, üçtərəfli bəyanatda nə yazılıb, tərəflərin öhdəliyi nədən ibarətdir. Ancaq şəffaflığın olmaması ciddi problem və suallar yaradır. Bu təklif işçi qaydada müzakirə ediləndə də beynəlxalq tərəfdaşlardan təklifin sağlam olduğunu eşidirik. Həmin görüşdə heç bir konkret cavab verilmədi. Lakin təxminən iki gün sonra Ermənistanın xarici işlər naziri bu təklifə istinad edərək heç bir izah vermədən Ermənistan üçün məqbul olmadığını açıqladı".

"Vardanyanın həmin mövqedə yer alması mümkünsüz idi"

  Xarici işlər naziri Ceyhun Bayramov Ruben Vardanyanın “vəzifə”sindən azad olunmasına münasibət bildirib: "Dövlətimiz artıq tariximizin qara səhifəsini çevirib, gələcəyə baxışı nümayiş etdirməyə hazır olduğunu bildirib. Bu kontekstdə Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycan cəmiyyətinə ictimai, siyasi və iqtisadi səviyyədə inteqrasiya işlərinə başlamağa hazır olduğunu və Azərbaycanın suverenliyi ilə bölgənin inkişafı ilə bağlı Prezident İlham Əliyevin ilk gündən açıq, məntiqli və davamlı mesajları olub. Düşünürəm ki, hər kəs bunu qəbul edib. Ona görə özünü erməni əhalisinin nümayəndəsi kimi təqdim etməyə çalışan şəxslə bağlı Azərbaycanın mövqeyi ondan ibarət oldu ki, biz əhalinin nümayəndələri ilə danışmağa hazırıq. Ancaq kənardan gəlib özünü salmış və ya saldırmış, kimlərinsə oyununu oynayan Qarabağa heç bir aidiyyəti olmayan şəxs bizim üçün tərəf-müqabili ola bilməz. Vardanyanın həmin mövqedə yer alması mümkünsüz idi. Bu, bir neçə ay çəkdi. Onun arxasında duranlar da başa düşdü ki, bu layihənin heç bir perspektivi yoxdur".

  XİN rəhbəri deyib ki, Azərbaycan beynəlxalq hüququn ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə uyğun olaraq regionda normallaşma və sülhün bərqərar olunmasına səy göstərir: "Ermənistan isə əksinə, normallaşmaya mane olaraq öz təcavüzkar siyasətini davam etdirməyi seçib. Əgər Ermənistan, həqiqətən də, sülhə nail olmaq istəyirsə, öz kursunu düzəltməlidir. Biz inanırıq ki, bizim səylərimiz Xocalıdakı cinayətlərə və Azərbaycana qarşı təcavüz zamanı törədilmiş digər vəhşiliklərə görə cəzasızlığın sona çatmasına yardım edəcək. Biz ədalət çağırışı edirik, qisas deyil. Dayanıqlı sülh ədalət olmadan mümkün deyil. Cavabdehlik Azərbaycan və Ermənistan arasında sülh yolunun və barışığın zəruri elementidir. Xocalı bizim milli kədərimizdir. Xocalı qurbanlarının xatirəsi heç vaxt unudulmayacaq və Xocalı sübutudur ki, heç nə Azərbaycan xalqının ruhunu sındıra bilməz”.