Xankəndidə həssas təbəqəyə yaxın olmağa hazırıq  - Qızıl Aypara Cəmiyyətinin prezidenti

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) öz missiyasını və xoş niyyətini həyata keçirmək üçün humanitar yük göndərir.

Trend xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əgər çətinlik və böhran varsa, ərzaq yardımını qəbul etmirlərsə, çoxlu sual yaranır:

“Birinci sual yaranır ki, əgər ehtiyac varsa, humanitar yük nə üçün qəbul edilmir? İkinci sual, əgər biz insanıqsa, dəyərlərimiz varsa və Yaradanımız birdirsə, bu ədavət nə vaxta qədər davam edə bilər? Biz bunları nəzərə almalıyıq. Biz ortaya xoş məram qoyuruq. Azərbaycan Qızıl Aypara Cəmiyyəti olaraq missiyamız çərçivəsində ölkənin hər yerində, o cümlədən, Qarabağ iqtisadi zonasında, Xankəndidə həssas təbəqəyə yaxın olmağa hazırıq”.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.