- Əli Mustafa: “İranın hücumu göstərdi ki, atəşkəs kağız üzərində qalıb”
Məlum olduğu kimi, İran və ABŞ arasında iyunun 17-də imzalanan memorandumun əsas müddəalarından biri bütün cəbhələrdə atəşkəsin elan edilməsini nəzərdə tuturdu. Lakin iyunun 25-də SEPAH-ın Sinqapur bayrağı altında üzən yük gəmisinə dron hücumu, regiondakı vəziyyəti dəyişdi.
ABŞ ordusu hücuma cavab olaraq, İranın raket və dron anbarlarını bombaladı. Region ölkələrini çilədən çıxaran əsas həmlə isə İranın, Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarını vurması oldu. Hər kəs qarşılıqlı hücumların qanlı müharibəyə çevriləcəyindən narahat idi. Lakin tərəflər hücumları dayandırmaq barədə razılığa gəldilər. ABŞ ilə danışıqların davam etdiyi və İsrail-Livan hökumətləri arasında sazişin imzalandığı vaxtda İranın atəşkəsi pozması diqqət çəkib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa Sherg.az-a bildirib ki, İranın atəşkəsi pozan hücumu, müzakirə olunan bəzi məsələlərin həllini tapmadığını göstərir:
“Hörmüz boğazına nəzarət Oman və İran arasında düyünlənən nöqtəyə çevrilib. İran nəzarəti tamamilə ələ almağı istəyir. Məhz buna görə onun icazəsi olmadan keçən gəmiləri bombalayaraq boğazın tək sahibinin özü olduğunu göstərməyə çalışır. Hazırda neft və müxtəlif məmulat daşıyan gəmilərin boğazın hansı istiqamətindən keçəcəyinə dair müzakirələr aparılır. Gəmilərin əksəriyyəti Oman sularından keçsə də, rəsmi Tehran onların İranın ərazi sularından keçməsini tələb edir. Boğazda minalar belə tam təmizlənməyib. Görünən odur ki, İran və ABŞ arasında imzalanan memorandumda razılaşdırılmamış və əlavə dəqiqləşdirmə tələb edən məqamlar var”.
Politoloqun sözlərinə görə, İsrail və Livan arasındakı vəziyyət də ürəkaçan deyil:
“Tərəflər dövlət səviyyəsində saziş imalasa da, Livanın cənubunda əməliyyatlar aktivdir. Bütün bunlar tərəflərin maraqlarının, sazişə daxil olan bəndlərə uyğun olmadığını ortaya qoyur. Digər tərəfdən isə hücumlardan sonra Trampın yenidən danışıqlar prosesinə qayıtması, İsrail və ABŞ-ni atəşkəsə məcbur edən müəyyən səbəblərin mövcudluğundan xəbər verir. Livanla imzalanan sənəddə, Hizbullahın silahsızlaşdırılaraq, siyasi elementə çevrilməsi barədə tələb var. Lakin Hizbullah müasir siyasi sistemlərdə nadir rast gəlinən strukturlardan biridir. Təşkilat həm Livanın dövlət idarəçiliyində iştirak edir, həm də müstəqil hərbi qanada malikdir”.
Ə.Mustafa qeyd edib ki, Livan hökümətinin Hizbullahı tərkisilah etməsi mürəkkəb prosesdir:
“Hizbullah İranın proksi qüvvəsi hesab olunur. Livan-İsrail münaqişəsinə həll yolu tapmaq üçün İranın da siyasi qərar verməyi vacibdir. Yəni, toqquşma Livan və İsrail hökümətləri arasında imzalanan sazişlə bitməyəcək. Əgər İran Hizbullahla bağlı müəyyən güzəştlərə gedərsə, hücumlar üçün bəhanələr aradan qalxar. Təəssüf ki, münaqişənin kökləri dərindir. İsrail höküməti, Livanı Hizbullah təhülkəsinə qarşı bombaladıqlarını desə də, onların əsl niyyəti İsrail torpaqlarını genişləndirməkdir. Başqa sözlə desək, Hizbullah tərkisilah edilsə belə münaqişənin bitəcəyinə inanmıram. Hər kəsin yalnız öz maraqlarını düşündüyü qanlı şahmat taxtasında fiqurlar dəyişsə də, oyunun qaydaları heç vaxt dəyişməyəcək”.