Yeni yüz ilin Türkiyəsi! - Onlar getdi, yeni komanda gəldi
Ərdoğan "yeni yüz ilin Türkiyəsi"ni daha nüfuzlu şəxslərlə quracaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni Nazirlər Kabinetini açıqlayıb. Türkiyə "yüzilliyi kabineti" kimi qəbul olunan yeni hökumət kabineti bir-iki istisna olmaqla yeni isimlərlə əvəzlənib. Kabinetdə xüsusilə diqqət çəkən şəxslər də var. Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan xarici işlər naziri, general-polkovnik Yaşar Gülər Milli Müdafiə naziri, prezidentin köməkçisi olmuş İbrahim Kalın isə MİT rəhbəri təyin təyin edilib. Türkiyənin yeni maliyyə və xəzinə naziri Mehmet Şimşək, daxili işlər naziri isə Ali Yerlikaya olub. Ərdoğanın "sirr küpüm" adlandırdığı Hakan Fidan Cümhuriyyət tarixinin ən güclü kəşfiyyat rəhbəri kimi qəbul olunur. MİT-ə rəhbərlik etdiyi dönəmlərdə daim ABŞ və Avropa mətbuatında onun haqqında "sirli adam" başlığı ilə yazılar gedib. Amerika başda olmaqla bir çox Qərb ölkələri H.Fidanı özləri üçün "ən təhlükəli şəxs" kimi qəbul ediblər. FETÖ-nün də ilk hədəfində məhz Fidan olub. O, İbrahim Kalınla birgə Ərdoğanı bütün önəmli səfər və görüşlərdə müşayiət edib. Hakan Fidanın əlindəki ciddi və gizli bilgilərlə Türkiyənin xarici siyasətinə daha yaxşı rəhbərlik edəcəyi deyilir. Türkiyə iqtisadiyatının mövcud durumu ilə əlaqədar olaraq Maliyyə Nazirliyinə gətirilmiş Mehmet Şimşəyin adı da geniş müzakirə olunmaqdadır. O, Türkiyə iqtisadiyyatının ən güclü olduğu 2007-2009-cu illərdə maliyə naziri, 2009-2015-ci illərdə iqtisadiyyat naziri olub. Son illər dünyamiqyaslı nəhəng şirkətlərdə məsləhətçi və digər yüksək vəzifələrdə çalışıb. Dünyanın ən güclü iqtisadçılarından biri olaraq qəbul olunur. O, Türkiyə ilə bərabər, ABŞ və Böyük Britaniya vətəndaşıdır. Onun gəlişi ilə iqtisadiyyatda ciddi dəyişikliklər olacağı gözlənilir. Hulusi Akarı əvəzləyən yeni milli müdafiə naziri Yaşar Gülər də Türkiyə ordusunda böyük nüfuza malikdir. Generalın Azərbaycan hərbi rəhbərliyi ilə yüksək münasibətləri var. Türkiyə hökumətinin yeni tərkibdə ilk iclası sabah keçiriləcək. İclasda iqtisadi məsələlərlə yanaşı, terrorla mübarizə məsələsinin müzakirə edilməsi gözlənilir.
Türkiyəli politoloq Engin Özer bildirib ki, Ərdoğanın öz komandasında meyar kimi fədakarlıq anlayışını deyil, ləyaqət mövzusunu seçməsi hamı tərəfindən yüksək qiymətləndirilib. Onun sözlərinə görə, həqiqətən də, Ərdoğanın yeni kabineti öz işini yaxşı görənlər arasından seçildi: "Yeni nazirlərin əksəriyyəti uğurlu texnokratlardır və partiya mənşəli bürokratlar çox azdır. Yeni kabinet 2002-ci ildəki kabineti xatırladır. Xüsusilə bəzi nazirləri dəyərləndirsək, MİT-in keçmiş rəhbəri Hakan Fidanın xarici işlər naziri seçilməsi Suriya ilə yeni bir dövrün açılacağına işarə kimi qəbul edilə bilər. Fidan təhlükəsizlik sahəsində mütəxəssis olan və xarici işlər naziri vəzifəsini yerinə yetirmək üçün bir çox keyfiyyətlərə malik bir bürokratdır".
Siyasi şərhçi Cəmaləddin Quliyev həm İbrahim Kalın, həm də Hakan Fidanın akademik karyeralarında Qərb təhsilinin rolu var. Hər ikisi Qərb qurumlarında çalışıb və Ərdoğana şəxsi sədaqətlə bağlı olublar. Ekspertin sözlərinə görə, hər iki şəxsin bu və ya digər şəkildə Azərbaycanla bağlılıqları da diqqət çəkir: "Hakan Fidanın ilk böyük vəzifəsi TİKA-ya rəhbərlik olub. Həmin dövr Azərbaycanda "qrant azadlıqları" dövrü idi və bu postda olmaq elə Azərbaycanın da geniş siyasi spektri ilə sıx təmaslar yaranması demək idi. İbrahim Kalının Azərbaycana bağlılığı isə ərzurumlu olması, ailə-məişət dilinin "dadaş ləhcəsi" olmasından, ələvi-qızılbaş ənənəsinə, Azərbaycan musiqisinə yaxınlığından irəli gəlir. Özü də Şah İsmayıl irsinə müraciət edir. Sözü və melodiyası İbrahim Kalına aid bəstələr “azəri türküsü” adıyla ifa olunur. O, Azərbaycan mövzusuna siyasətçi kimi daim həssas yanaşıb. Kalınının rəhbərlik etdiyi düçüncə mərkəzi - SETA xarici siyasət idarəsi üçün də kadr emalatxanası kimi çıxış edib. Hakan Fidanın rəhbərlik etdiyi qurumun kadr emalatxanası kimi necə işlədiyi haqda isə yalnız ehtimallar yürütmək olar. Aydın olan budur ki, "yeni yüz ilin Türkiyəsi" vizyonun reallaşması, siyasi sistemin davamlılığı və ötürülməsi məhz həmin kadrlardan və Kalınla Fidan arasında əməkdaşlıqdan xeyli dərəcədə asılı olacaq. Hər halda Fidanın o zaman rəhbərlik etdiyi sahə də, indi rəhbərlik etdiyi xarici əlaqələr ilə bərabər 2018-ci ildən sonra Kalının kurasiyasında idi. Onlar arasında anlaşılmazlıq olması haqda hər hansı məlumat və ya əlamət yoxdur. Daha əvvəl yollarının necə kəsişdiyini söyləmək isə çətindir".