Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən layihə çərçivəsində yeni filmin çəkilişlərinə başlayır.
Bu barədə “Sherg.az”a məlumat verən layihənin rəhbəri Asəf Quliyev filmin "Konstitusiya və Suverenlik İli"nə həsr olunan “İnformasiya məkanında müharibə iştirakçılarının tanıdılması” layihəsi çərçivəsində hazırlanacağını bildirib.
- Layihə çərçivəsində çəkiləcək film 44 günlük Vətən müharibəsi barədədir?
- Tək 44 günlük müharibə yox, ümumiyyətlə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, ərazilərimizin işğalı, işğalın davam etdiyi müddətdə xalqın, xüsusən də gənclərin əhval ruhiyyəsi və nəhayət 44 günlük müharibə.
- Filmin adını nəzərə alsaq, o zaman qəhrəman Məhəmmədəlidir?
- Sözsüz ki, Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimli əsas qəhrəmandır. Amma o həm də zəfər çalmış Azərbaycan əsgərinin ümumiləşdirilmiş obrazıdır. Məhəmmədəli “İmarət” Azad Azarkeş Qrupunun fəallarından biri idi. Məhəmmədəlinin timsalında biz həm məcburi köçkün həyatı yaşamış “Qarabağ” futbol klubu, həm “İmarət” Azad Azarkeş Qrupunun yaranması, fəaliyyəti və digər məqamları da nəzərə almaqla xalqımızın keçdiyi o çətin, amma şərəfli yolun trayektoriyasını cızmağa çalışacağıq.
- Çəkilişlər harda nəzərdə tutulub?
- Bakı, Ağdam və Ağdərədə.
- Film hazır olduqdan sonra...
- Sözsüz ki, təqdimat keçiriləcək. Ağdam və Bakıda. 27 sentyabr Anım günü ərəfəsində.