Bölgədən qaçanların əsas istiqaməti İstanbuldur
ABŞ və İsrailin fevralın 28-də İrana hücumu ilə başlayan müharibə bölgədə hava nəqliyyatını iflic vəziyyətinə salıb.
Sherg.az xəbər verir ki, kommersiya uçuşlarının ləğv edilməsi və hava məkanlarının bağlanması fonunda ultra zəngin sərnişinlər bölgəni tərk etmək üçün xüsusi təyyarələrə rekord məbləğlər ödəyirlər.
Raket hücumları və pilotsuz uçuş aparatları ilə bağlı təhlükə səbəbindən kommersiya hava yolu şəbəkəsinin demək olar ki, dayanması xüsusi təyyarə kirayəsinə tələbatı kəskin artırıb. Şirkət nümayəndələri bildirirlər ki, adətən gündə 10–15 olan xüsusi uçuşların sayı ötən həftədən etibarən 98-ə yüksəlib. Təyyarə sayının məhdudluğu və sığorta xərclərinin artması səbəbindən qiymətlər isə 142 faiz bahalaşıb.
Müharibənin başlanması ilə Muskat, Ər-Riyad və Dubay kimi şəhərlərdən ayrılmaq istəyən ultra zəngin ailələr, çoxmillətli şirkətlərin rəhbərləri və idman komandaları problemli hala gələn kommersiya uçuşları əvəzinə xüsusi təyyarələrdən istifadə etməyə başlayıblar.
Xüsusi təyyarə kirayəsi ilə məşğul olan şirkətlərdən birinin rəhbəri bildirib ki, Muskatdan İstanbula 5 saatlıq uçuşun qiyməti müharibədən əvvəl 60 min dollar olduğu halda, hazırda 145 min dollara yüksəlib. Təyyarələrin bölgəyə boş qayıtması səbəbindən müştərilərin hər iki istiqamətin xərcini ödəməsi qiymətlərin astronomik həddə çatmasının əsas səbəblərindən biri hesab olunur.
Münaqişənin ilk günlərində hava məkanının nisbətən proqnozlaşdırıla bilən olması səbəbindən Muskat və Ər-Riyad əsas uçuş nöqtələri seçilirdi. Lakin son günlər Dubay ən populyar çıxış mərkəzinə çevrilib.
Təxliyə olunanların ən çox üstünlük verdiyi istiqamət isə coğrafi yaxınlıq səbəbindən İstanbul olub. İstanbuldan başqa Afina və Mumbay da zənginlərin təhlükəsiz bölgələrə keçid üçün istifadə etdiyi əsas dayanacaqlar arasındadır. Bildirilir ki, 100 yerlik bir təyyarə üçün 1 milyon avro dəyərində kirayə müqaviləsi də imzalanıb.
Zənginlər bölgəni tərk edə bilsələr də, minlərlə insanın hələ də təxliyə olunmaq üçün növbə gözlədiyi bildirilir. Müharibə səbəbindən hava nəqliyyatında yaranan məhdudiyyətlər genişmiqyaslı evakuasiya prosesini çətinləşdirir.