Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
“Kapital Bank” da Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin dələduzluq halı ilə üzləşməsi haqqında açıqlama yayıb.
"Məlumat verildiyi kimi Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzluq halı ilə üzləşib. Hökumə Əliyevanın vəfatına görə ailəsinə ödənilən sığorta və kompensasiya məbləğindən qalan 80 507 AZN vəsait oğurlanıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və Kapital Bank tərəfindən dərhal araşdırma başlanılıb və lazımi tədbirlər görülüb. Vəsaitin köçürüldüyü hesab dərhal bloklanıb və oğurlanan məbləğin istifadəsinə icazə verilməyib. Görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkün olub və vəsait geri qaytarılıb.
Qeyd edək ki, baş verən hadisədə müştəri Cəlil Əliyev bank tərəfindən göndərilən OTP, 3D təhlükəsizlik kodu da daxil olmaqla bütün şəxsi məlumatlarını dələduzlarla bölüşüb. Bu səbəbdən də dələduzlar asanlıqla vəsaiti oğurlaya biliblər. Hadisənin ardından müştəri dərhal bankı və Daxili İşlər Nazirliyini məlumatlandırıb. Bu kimi hallarda vəsaitin bərpası çox nadir hallarda mümkün olsa da bank əməkdaşlarının və Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin səyi nəticəsində dələduzluq halının qarşısı alınıb.
Bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kartın üzərində olan 3 rəqəmli kodu, sms vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin fin kodunu heç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik", - açıqlamada qeyd edilib.
Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.
Bu barədə Shetg.az-a DİN Mətbuat Xidmətindən bildirilib.
Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev ailənin bank kartından 80 min manat oğurlandığını bildirib.