Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan rəqəmsal dövrdə insanların geridə qoyduğu izlərə diqqət çəkib.
Sherg.az xəbər verir ki, o, TÜRGEV-in Gözəl İşlər Fabrikinin (GİF) 2027-ci il mövsümünün açılışında çıxış edib.
Əminə Ərdoğan bildirib ki, rəqəmsal dövrdə edilən hər axtarış, paylaşılan hər məzmun, görüntü və seçim “rəqəmsal iz” kimi qeydə alınır.
“Bəlkə də bəşər tarixində heç bir nəsil özündən sonra bu qədər çox qeyd qoymayıb. Lakin qeydə alınmaq iz buraxmaq demək deyil. Qeyd varlığımızın bir işarəsini qoruyur, həqiqi iz isə bizdən sonra da məna və təsir yaratmağa, istiqamət verməyə davam edir”, — deyə Ərdoğan vurğulayıb.
O, süni intellektin məlumat əldə etməyi asanlaşdırdığını, lakin informasiyaya çıxışla mənaya çatmağın eyni şey olmadığını qeyd edib.
Ərdoğan həmçinin bildirib ki, insanların qarşısına hansı məlumatların çıxacağını və hansı səslərin eşidiləcəyini çox vaxt alqoritmlər müəyyənləşdirir. Onun sözlərinə görə, bu vəziyyət insanları yalnız nə gördükləri deyil, nəyi görmədikləri barədə də düşünməyə vadar edir.
Əminə Ərdoğan gənclərə müraciət edərək onları öz səslərini tapmağa, həyatlarına və gələcəyə “gözəl, həqiqi və xeyirli izlər” qoymağa çağırıb.