Türkiyə Respublikası Milli Müdafiə Universiteti rektorunun müavini Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti tədris gəzintisi proqramı çərçivəsində Azərbaycanda səfərdədir.
Müdafiə Nazirliyindən Sherg.az-a verilən məlumata görə, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər.
Proqram çərçivəsində nümayəndə heyəti Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülovla görüşüb. Görüşdə hərbi təhsil sahəsində əməkdaşlıq əlaqələri və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Sonda tərəflər qarşılıqlı hədiyyələr təqdim ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Qənimətlər Parkında və Heydər Əliyev Mərkəzində olub.