- Rauf Ağamirzəyev: “Layihə səhvləri əlçatan şəhər ideyasını puça çıxarır”
Şəhərdə piyadayönümlü küçələr təşkil etmək asandır; küçəni avtomobillərə bağla, vəssalam. Amma inklüziv şəhər modeli yaratmaq çətindir. Buna sosial inklüzivlik də deyilir. Yəni, hər bir fərdin özünü cəmiyyətin dəyərli və bərabərhüquqlu üzvü hiss etməsi üçün şərait yaradılması.
Bura ictimai nəqliyyatın, binaların və məlumatların hər kəs, məsələn, görmə və ya eşitmə, həmçinin fiziki məhdudiyyətli insanlar üçün əlçatan olması daxildir. Paytaxtımızda buna nə qədər nail olunub?
Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev bildirir ki, paytaxt Bakıda hamı üçün müyəssərlik göstəricisi cəmi 31 faizdir:
- May ayında DOST Agentliyində keçirilən Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının 2025-ci ilin nəticələrinə dair hesabatının və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş ictimai müzakirədə iştirak etmişdim. Təqdim olunan vizual monitorinq nəticələrinə əsasən, ölkə üzrə ümumi müyəssərlik - əlçatanlıq göstəricisi cəmi 22% təşkil edir.
Şəhərlər üzrə nəticələrə baxsaq, Gəncədə daha yüksək göstəricidir – 34 faiz. Bakıda 31, Lənkəran 19, Sumqayıtda da 19, Mingəçevir 17, Şirvan 11, Şəkidə cəmi 6 faizdir. Klasterlər üzrə müyəssərlik göstəriciləri isə belədir: İctimai nəqliyyat 43, müəssisələr 30, yaşayış binaları 7, şəhər infrastrukturu 6 faiz. Monitorinq göstərir ki, müyəssərlik baxımından ən yaxşı nəticə ictimai nəqliyyat sahəsində əldə olunub. Ən ciddi problemlər isə şəhər infrastrukturu və yaşayış binalarında qalmaqdadır. Müqayisə üçün deyim ki, beynəlxalq göstəricilərdə urban infrastruktur üzrə orta səviyyə xeyli yüksəkdir: UN-Habitat Urban Infrastructure Index – təxminən 68 faiz. OECD Urban Development Index - inkişaf etmiş şəhərlərdə 80–90 faiz, Smart City Index - orta urban infrastruktur "yetkinliyi" 60–65 faiz. Məsələn, Bakının Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi ilə Bülbül prospektinin kəsişməsindəki vəziyyət monitorinq nəticələrinin praktik təzahürünü göstərir. Keçid zebra, pandus və işıqforla təchiz olunsa da, keçidin ortasında yerləşdirilmiş işıq dirəyi və pandus zonasında baxış qapaqlarının olması maneəsiz hərəkəti məhdudlaşdırır. Bu nümunə bir daha göstərir ki, baryersiz mühit yalnız normativ elementlərin quraşdırılması deyil, onların düzgün layihələndirilməsi və icrasıdır. Universal dizayn prinsipləri layihələndirmə mərhələsindən etibarən tətbiq edilmədikdə, əlçatan görünən infrastruktur belə hər kəs üçün rahat və təhlükəsiz olmur.