Ölkədə geyim istehsalının artması müxtəlif amillərlə izah olunur. Finss.az-ın məlumatına görə, Azərbaycanda 129,5 milyon manatlıq geyim istehsal olunub ki, bu, ötən dövrlə müqayisədə 28,6 faiz artım deməkdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehsal olunan məhsullar arasında; 803,6 min ədəd üst geyimi (+49,6% artım), 2 748,4 min ədəd istehsalat və peşə komplektləri (+37,8% artım), 1 590,7 min ədəd alt geyimi (2 dəfə artım), 4 737,3 min ədəd sair geyim (-23,2% azalma), 3 576,3 min cüt corab (-0,1% azalma) istehsal olunub. Bundan əlavə, 56,1 min kvadratmetr emal edilmiş dəri və və 915,2 min cüt ayaqqabı istehsal edilib ki bu da ötən dövrə nisbətdə artımdır. Ayaqqabıların, dəri və dəridən məmulatların istehsalı isə dəyər baxımından 7,6% artaraq 39 milyon manata çatıb. Ümumilikdə, toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 458,3 milyon manat dəyərində məhsul istehsal edilib.
İqtisadçı Rauf Qarayev “Sherg.az”a açılamasında qeyd etdi ki, geyim əşyaları istehsalının artması bir neçə səbəblə bağlıdır, bunlardan biri də işğaldan azad edilmi Qarabağ regionunda istehsal müsəssiəslərinin fəaliyyət göstərməsidir:

- Bilirsiniz ki, Qarabağda tikiş fabriki, ayaqqabı istehsalı müəssisəsi fəaliyyət göstərir. Bu, yerli istehsalın artmasına təkan verir. Əhali də son vaxtlar yerli məhsullara maraq göstərir, alıcılıq qabilyyəti buna imkan verir. Proses həm də ona nizamlanıb ki, bildiyimiz kimi onlayn ticarətlə bağlı 18 faiz gəlir verigisi tətbiq olunacaq. Dünənədək onlayn ticarətlə geyim əşyalarının əldə edilməsi asan və sərfəli idisə, bundan sonra çətinləşəcək, qiymət də artacaq. Bu vəziyyət əhalinin yerli istehsal mallarına təşviq edir. Bu baxımdan hesab edirəm ki, yerli istehsalda artımın olması buna hesablanıb. Buna istehsal müəssisəsinin digər ölkələrlə, sahibkarlarla müqavilələrin artması da zəmin yaradır. Geyim istehsalının artması təqdirəlayiqdir. Ölkədə xammal varsa, xammalı son nəticədə parçaya və ya dəriyə çevirib tikilişini ölkədə aparmırıqsa, bu fəlakət olar. Xammalın Türkiyəyə göndərilib, orada istehsal prosesində məhsula çevrilib ölkəmizə ixrac edilməsi, əlbəttə, mənfi cəhətdir. Türkiyənin tekstil sənayesi güclüdür, keyfiyyət göstəricisinə görə də öndədədirlər. Əgər biz də keyfiyyətə üstünlük versək, yerli istehsal daha da yüksələcək. Amma hazırda keyfiyyət göstəriciləri aşağıdır. Adi məktəbli formasından valideynlər narazı qalır, keydiyyətsiz olduğunu bildirirlər. İxrac edilən xammalın maya dəyəri də baha başa gəlir. Maya dəyərini azaltmaq lazımdır ki qiymətlər əlçatan səviyyədə olsun. Bu amillərin hamısı istehsal prosesində əhəmiyyət daşıyır. İstehsalın artması baş verirsə, xaricdən mal alınmasının qarşısının alınması istiqamətində iş görülməlidir.