“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ

  • Kart limitləri iqtisadiyyatda YENİ BÖHRAN yarada bilər

Kartdan karta köçürülmələrə limit qoyulması insanların nağdsız alış-verişdən tədricən imtina etməsiylə nəticələnə bilər. Mütəxəssislər hesab edir ki, pul köçürmələrinə nəzarət etmək hər nə qədər lazımlı, faydalı olsa da, bunu insanları çəkindirəcək üsullarla deyil, nağdsız ödəmələrə həvəsləndirərək etmək lazımdır. 

İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, kartdan karta köçürülmələrə limit qoyulmasını, əvvəla, düzgün addım hesab edir. Niyə?

Çünki hansısa bir karta həddindən artıq vəsait daxil olursa və həmin əməliyyatlar şübhəli görünürsə, o kart riskli hesab edilməli, nəzarətə götürülməli və onun üzərindən aparılan ödənişlərlə bağlı monitorinq həyata keçirilməlidir. Lakin bu nəzarət mexanizmi ilə bağlı təəssüf ki, ən sadə və ən perspektivsiz variant seçilib. Nəticədə nə oldu: - Banklar onsuz da vətəndaşları kartdan istifadəyə həvəsləndirən kampaniyaları və bonus təkliflərini tədricən ləğv edirlər. Yəni əvvəllər banklar müxtəlif bonuslar, kəşbeklər və digər üstünlüklərlə insanları kart ödənişlərinə cəlb edirdilər. Bu təşviqlərin bir hissəsi artıq aradan qalxıb. Hətta mağaza və marketlər nağdsız ödənişlərdə əvvəlki illərə nisbətən daha az bonus və kəşbek qazandırır. Beləliklə, kartlardan istifadəni artırmağa yönəlmiş siyasət də yavaş-yavaş öz əhəmiyyətini itirir. Halbuki məqsəd elektron ödənişlərə keçidi sürətləndirmək və dövlətin nəzarət imkanlarını gücləndirmək idi. İndi isə görünən odur ki, bu istiqamət də tədricən zəifləyəcək və yenidən nağd ödənişlər gündəmə gələcək. Nəticə etibarilə, illərdir aparılan “naqdsız ödənişlərə keçid” siyasəti zərbə ala bilər. İnsanlar artıq mağazaya daxil olanda kartla ödəniş etmək istəsələr də, bu sahədə motivasiya azalır. Belə addımlar faktiki olaraq nəzarətdən kənarda qalan nağd ödənişlərə yol açır.

İqtisadçı bir məsələni də qabartdı: 

- İnsanlar manatı qoyub qəpiyin dalınca qaçırlar. Təəssüf ki, bu halları tez-tez görürük. Lazım olan məsələləri kənara qoyub, lazımsız məsələlərin arxasınca gedirik. Burada insanların da müəyyən qədər məsuliyyəti var. Hesab edirəm ki, əgər bu qədər boşluqlar yaranmasaydı, bəlkə də limit məsələsi bu qədər gündəmə gəlməzdi. Amma görünür ki, əsas səbəb başqa yerdə axtarılmalıdır. Əgər vəziyyət tədricən bu həddə gəlib çatıbsa, insanlar niyə bu yola əl atırlar? Sahibkarlar niyə buna meyl göstərirlər? Əgər vergi orqanı hansısa sahibkarlıq fəaliyyətində qeyri-rəsmi və ya qanunsuz dövriyyə görürsə, bunu birbaşa təhlil etməli və səbəbləri araşdırmalıdır.