İqtisadi reytinqdə tarixi artım: "Moodys" Azərbaycan iqtisadiyyatına “yaşıl işıq” yandırdı

Eldəniz Əmirov: “Siyasi yüksəlişin dayağı güclü iqtisadiyyatdan keçir”
Azərbaycanın beynəlxalq maliyyə nüfuzu əhəmiyyətli şəkildə güclənib. Belə ki, dünyanın aparıcı reytinq agentliklərindən biri olan “Moody’s Ratings” ölkənin suveren kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə qaldıraraq onu investisiya kateqoriyasına daxil edib. Reytinq üzrə proqnozun “müsbət” olaraq müəyyənləşdirilməsi Azərbaycanın iqtisadi və institusional islahatlarının davamlılığını, makroiqtisadi sabitliyinin möhkəmliyini və dövlət maliyyəsinin dayanıqlığını əks etdirir. Bu qərar, həmçinin Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi, fiskal idarəetmənin təkmilləşdirilməsi və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atdığı addımların beynəlxalq səviyyədə tanındığını göstərir.
Azərbaycan Maliyyə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, aparıcı üç beynəlxalq kredit reytinq agentliyindən biri olan “Moody’s”in yaydığı məlumatda qeyd olunur ki, yeni reytinq üzrə müsbət proqnoz ölkədə davam etdirilən islahatların fonunda iqtisadiyyatın və fiskal sahənin neft-qaz sektorundan asılılıq gözləntilərinin azalmasını əks etdirir. Həmçinin, pul-kredit siyasətinin təkmilləşdirilməsi, maliyyə sektorunda tənzimləmələr, dövlət maliyyə idarəçiliyi və ictimai inzibati proseslərdə şəffaflığın artırılması istiqamətində aparılan islahatlar institusional idarəetmənin daha da yaxşılaşacağına əsas verir. Aşağı borc yükü və xalis aktivlərin mövqeyi ilə güclü hökumət balans hesabatı, həmçinin çox yüksək borc ödəmə qabiliyyəti ölkənin güclü tərəfləri olaraq qalır.
Agentlik qeyd edir ki, müsbət proqnoz həmçinin hesabatlılıq sahəsində davam edən potensial inkişafı da əhatə edir. Xarici investisiyaların cəlb edilməsi istiqamətində səylər genişlənir, hüquqi və tənzimləyici çərçivələr üzrə islahatlar davam edir ki, bu da şəffaflıq və hesabatlılığın gücləndirilməsinə kömək edir.
“Moody’s”in qənaətinə görə, Azərbaycanın bölgədə nəqliyyat və yaşıl enerji mərkəzi kimi mövqeyini möhkəmləndirmək yönündə davamlı səyləri nəqliyyat-logistika, tikinti və turizm kimi qeyri-neft sektorlarında davamlı və əhəmiyyətli artımlara imkan verir. Əlverişli coğrafi mövqeyə malik olması və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhlizdə artan fəaliyyəti logistika sektorunda əlverişli nəticələr yaradacaq və iqtisadiyyatın digər sahələrinə müsbət təsir göstərərək böyük investisiyaları cəlb edəcəkdir. Eləcə də, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin davamlı inkişafı iqtisadiyyatın şaxələndirilməsi istiqamətlərini güclü şəkildə dəstəkləyir. Bütün bu amillər reytinqin yüksəldilməsində təsiredici rol oynayan başlıca amillər kimi çıxış etməkdədir.
İqtisadçı-ekspert Eldəniz Əmirov Sherg.az-a açıqlamasında  bildirib ki, siyasi yüksəlişin iqtisadi dayağı güclü olanda, uğur daha da dayanıqlı olur: 
“Ölkənin siyasi nüfuzu regional və beynəlxalq siyasi dairələrdə sürətlə artmaqda davam edir. Bu, təbii olaraq çox sevindirici haldır və dövlətimizin beynəlxalq mövqeyinin sürətlə möhkəmlənməsini göstərir. Lakin unutmaq olmaz ki, siyasi uğurların davamlı və möhkəm olması üçün arxasında güclü iqtisadi baza dayanmalıdır. İqtisadi sahədə əldə olunan nailiyyətlər siyasi uğurlarımızın təsir gücünü artırır və ölkəmizin dayanıqlı inkişafını təmin edir.
Bu baxımdan, "Moodys" Beynəlxalq Reytinq Agentliyinin Azərbaycana verdiyi reytinq artımı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının suveren kredit reytinqinin Ba1-dən Baa3 səviyyəsinə yüksəldilməsi ölkəmizin makroiqtisadi sabitliyinin, maliyyə ehtiyatlarının və borc idarəçiliyinin effektiv olduğunu bir daha təsdiqləyir. Baa3 reytinqi artıq "investisiya səviyyəsi" olaraq qəbul edilir ki, bu da beynəlxalq investorlar üçün ölkəmizin risklərin aşağı olduğu, stabil iqtisadi mühitə malik olduğunu göstərir”.
Bu yüksəlişin praktiki nəticələrinin böyük olduğunu vurğulayan iqtisadçı qeyd edib ki, dövlət və özəl sektor şirkətləri xarici bazarlardan daha aşağı faizlə kredit cəlb edə biləcək, bu isə infrastruktur, enerji və sənaye layihələrinin maliyyələşməsini asanlaşdıracaq:
 "“Moodys"in qərarında neft-qaz gəlirlərinin düzgün idarə olunması, aşağı dövlət borcu, kifayət qədər valyuta ehtiyatları və iqtisadi struktur islahatlarının rolu xüsusi qeyd olunur. Son illərdə ölkəmiz bu istiqamətlərdə əhəmiyyətli addımlar atıb və nəticədə beynəlxalq səviyyədə etimad qazanıb. Bu, Azərbaycan üçün həm investorların inamının artması, həm də iqtisadi inkişafın daha sürətlə davam etməsi üçün möhkəm zəmin deməkdir”.