Sabit tarif effektiv deyil – sistem dəyişməlidir
Pərviz Heydərov: “Kommunal xidmət göstərən sahələrdə islahatlar aparılmalı və idarəetmə təkmilləşdirilməli, xərclər dəqiqləşdirilməli və azaldılmalıdır”
Azərbaycanda qaz və elektriklə bağlı aylıq sabit tariflər 1 manatı aşmayacaq. Bu barədə "Qaz təchizatı haqqında” yeni qanun layihəsi və “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişikliyin Milli Məclisdə müzakirəsi zamanı energetika nazirinin müavini Orxan Zeynallı deyib. Nazir müavini qeyd edib ki, sabit tarifin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölünməsidir. Nazir müavini deyib ki, bu, tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraqstrukturlaşdırılması hesabına olacaq: “Eyni zamanda, bu yenilik “Elektroenergetika haqqında” qanun layihəsində təsbit olunub. Sabit tarifin tətbiqi hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif yükünün cüzi də olsa azaldılması üçün müəyyən iqtisadi zəmin yaradacaq. Sabit tarifin maliyyə tutumu məsələsinə gəlincə, hesablamalarımıza görə, bu məqsəd üçün nəzərə alınan faktiki xərclərin həcmi ümumi xərclərin həcminin 2 faizdən aşağı hesablanıb. Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”. Qeyd edək ki, “Qaz təchizatı haqqında” yeni qanun layihəsinə görə, təbii qaz və elektrik enerjisi sahəsində tariflərin tənzimlənməsi mexanizmi dəyişir. Sənədə əsasən 2028-ci il iyulun 1-dən etibarən qaz təchizatı üzrə tənzimlənən qiymətlər (tarif) müvafiq tənzimləyici orqan tərəfindən müəyyən ediləcək. Həmçinin, elektrik enerjisi sahəsində də sabit aylıq tarifin tətbiqi nəzərdə tutulur. Bu da “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əskini tapıb. Layihəyə əsasən sabit tarif – elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayaraq sabit xarakterli xərclərin qarşılanmasına yönəlmiş və tənzimləyici tərəfindən müəyyən edilmiş məbləğdir.
İqtisadçı Pərviz Heydərov Sherg.az-a açıqlamasında bildirdi ki, sabit tarif, xidmətə çıxış ödənişi və yaxud xidmət haqqı deməkdir. Yəni istehlakçının faktiki istehlak etdiyi deyil, bir növ, bir neçə məkanda istehlak edə biləcəyi elektrik enerjisi, qaz kimi kommunal xidmətlərə görə müvafiq ödəniş elementidir:

- Bu, infrastruktura görə ödənilən və yaxud ödənilməli olan məbləğdir. Bildiyimiz kimi, xarici ölkələrdə də belə bir təcrübə var. Burada əsas məsələ ödənilən məbləğ deyil, ödənilən məbləğə görə məbləğə adekvat keyfiyyətli xidmətin olmasıdır. Kommunal xidmətlər, enerji daşıyıcıları üzrə xidmət səviyyəsi və keyfiyyəti yüksək olmalıdır. Bunun üçün də həmin sahələrdə infrastruktur keyfiyyətli olmalı və dövlət nəzarətindən kənar olmalıdır. Bizdə enerjinin əldə olunması da, paylanması da, təchizatı da dövlətin əlindədir. Ona görə də dövlət zaman keçdikcə çiynindəki yükü daşıya bilmir və sabit tarif kimi üsulların tətbiqinə əl atılmaqla infrastruktur xərclərin bir hissəsini əhali ilə bölüşmək istəyi çıxış yolu anlamına gəlir. Kommunal xidmət sektoruna investisiya lazımdır. Bundan ötrü isə kommunal xidmət göstərən sahələrdə islahatlar aparılmalı və idarəetmə təkmilləşdirilməli, xərclər dəqiqləşdirilməli və azaldılmalıdır. Bunun üçün də bəzi infrastruktur sahələri özəlləşdirilməli, hərrac yolu ilə yerli və xarici sahibkarlara satılmalıdır. Yəni dövlət və hökumət qeyd olunan sahələri idarə etməkdən əl çəkməlidir. Bu edilmədən, hər şey dövlətin əlində olduğu halda, məsələn, qaz və işıq təchizatı sahəsində sabit tarif siyasətinin tətbiqi heç bir effekt verə bilməz. Özəlləşdirmə isə paylayıcı şəbəkələr üzrə həyata keçirilməlidir. Özü də tenderlər əsasında.