Yaxın Şərqdəki gərginlik Azərbaycan büdcəsinə milyardlar gətirə bilər
Yaxın Şərqdə ABŞ, İsrail və İran arasında baş verən gərgin proseslər fonunda dünya bazarlarında neft məhsulları və qızılın qiymətində artım müşahidə olunur. Rəsmi Tehran yaranmış vəziyyətlə əlaqədar neft tankerlərinin Hörmüz boğazından keçidinə məhdudiyyətlər tətbiq edib.
Dünya üzrə ixrac olunan neftin təxminən 20 faizinin Hörmüzdən daşındığını nəzərə alsaq, bazarda qiymətlərin yüksəlməsi qaçılmazdır. Azərbaycan neft ixracını alternativ marşrutlar vasitəsilə həyata keçirsə də, qlobal neft bazarında baş verən qiymət dəyişiklikləri ölkəmizin əsas ixrac markası olan “Azəri Light” neftinin də qiymətinə təsir göstərir.
Bəs neftin dünya bazarında bahalaşması, Azərbaycanın neft ixracından əldə etdiyi gəlirlərə necə təsir edə bilər?
Mövzu ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı Sherg.az-a bildirib ki, Hörmüz boğazında münaqişə şiddətləndiyi üçün neftin 1 bareli 85 dollara çatıb.
“Münaqişədən əvvəl qiymətlər təxminən 72 dollar səviyyəsində idi. Yaxın Şərqdə enerji infrastrukturunun hədəfə alınması və Hörmüz boğazından keçən gəmilərin hərəkətinin məhdudlaşması qlobal təklif zəncirində riskləri artırır. Bu isə qiymətlərin daha da bahalaşmasına təkan verə bilər. Artıq müharibə dövrünə uyğun iqtisadiyyat formalaşır. Hətta ABŞ lideri Donald Tramp müharibənin 4-5 həftə davam etdirəcəyini açıqlamışdı. Bu o deməkdir ki, dünya iqtisadiyyatı bahalaşan qiymətlərlə silkələnəcək. Azərbaycanın “Azəri Light” markalı nefti qiymət baxımından dünya bazarlarında əsasən Brent neftinə bağlı olur”.
İ. Şabanın sözlərinə görə, Yaxın Şərqdə baş verən proseslər Azərbaycanın neft ixracından daha yüksək gəlirlər əldə etməsinə səbəb ola bilər:
“Hətta yaxın günlərdə xəbər portallarında Azərbaycan neftinin bir barelinin 85 dollardan yuxarı qiymətə satılması ilə bağlı məlumatlar yer alsa, təəccüblənməyək. Dünya bazarında qiymət artımı ixrac etdiyimiz neftdən əldə olunan valyuta gəlirlərinin yüksəlməsinə səbəb ola bilər. Lakin nəzərə almaq lazımdır ki, neftin ixracı ilə bağlı logistika, nəqliyyat və digər əməliyyat xərclərinin artması ümumi gəlirin müəyyən hissəsinin bu istiqamətlərə yönəlməsinə gətirib çıxarır. Bu isə nəticə etibarilə xalis mənfəətin müəyyən dərəcədə azalmasına yol aça bilər”.
İqtisadçı, ölkədaxili bazarda əhalinin istifadəsinə təqdim olunan neft və neft məhsullarının qiymət formalaşmasına da toxunub:
“Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədaxili bazarda neft məhsullarının qiymətləri birbaşa dünya bazarına indeksləşdirilməyib. Lakin qlobal enerji bazarlarında baş verən bahalaşmanın, Azərbaycan üçün mənfi təsirləri də var. Pandemiyadan sonra idxalın genişlənməsi və istehlak mallarının əhəmiyyətli hissəsinin enerji resurslarından asılı ölkələrdən tədarük olunması daxili bazarı qlobal enerji qiymətlərinə daha həssas edib. Dünya bazarında enerji daşıyıcılarının bahalaşması həmin ölkələrdə istehsal və daşınma xərclərini artırır ki, bu da ixrac olunan məhsulların qiymətinə təsir göstərir. Nəticədə idxal edilən malların bahalaşması daxili bazarda qiymət səviyyəsinin yüksəlməsini sürətləndirir”.
İ.Şaban bildirir ki, enerji daşıyıcılarının bahalaşması istehsal və daşınma xərclərini artırır:
“Bu da idxal olunan malların qiymətində özünü göstərir. Eyni proses davam edərsə, bir müddət sonra idxal etdiyimiz neft və neft məhsullarının da bahalaşmasının şahidi ola bilərik. Yaxın Şərqdəki proseslər qızılın da qiymətinin artmasına təsir göstərib. Dünyada təlatümlər olan zaman, fərdi investorlarla, mərkəzi banklar daha çox qızılın ehtiyatını artırırlar. Qızıla tələbat artdıqca qiymətləri də yüksəlir. Quldarlıq quruluşundan başlayaraq indiyə qədər, pulun, yəni tədavül vasitəsinin əsas dəyər ölçüsü qızıl hesab olunub”.