Xalid Kərimli: “Azərbaycanda çörəyin ucuzlaşması gözlənilmir, çünki inflyasiya hər şeyi udur”
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2025-ci il üçün qlobal taxıl istehsalı proqnozunu bu ay 10,1 milyon ton (0,3 faiz) artıraraq 2 milyard 971 milyon tona yüksəldib.
Artım əsasən buğda, qarğıdalı və düyü istehsalı üzrə proqnozların yenilənməsi ilə bağlıdır.
Bu göstərici illik müqayisədə 3,8 faiz çoxdur və 2013-cü ildən bəri ən yüksək artım hesab olunur.
2025-ci ildə dünya üzrə buğda istehsalının 809,7 milyon ton olacağı gözlənilir ki, bu da ötən ayla müqayisədə 0,6 faiz, 2024-cü illə müqayisədə isə 1,3 faiz çoxdur. Artım əsasən Avstraliyada əlverişli hava şəraiti və yüksək məhsuldarlıqla əlaqələndirilir. Avropa İttifaqı və Rusiya üzrə proqnozlar da artırılıb.
FAO ekspertləri 2025-2026 mövsümü üzrə dünya taxıl istehlakı proqnozunu da 8,1 milyon ton artıraraq rekord səviyyə – 2 milyard 930 milyon tona çatdırıblar. Dənli bitkilərin ümumi istehlakının 1 milyard 575 milyon ton olacağı gözlənilir ki, bu da əvvəlki hesabatdan 7,2 milyon ton, ötən mövsümdən isə 33,8 milyon ton (2,2 faiz) çoxdur. Buğdanın istehlakı da rekord səviyyəyə – 804,2 milyon tona çatacaq. Həm yem, həm də qida məqsədli istehlak artacaq.
2026-cı il mövsümünün sonunda dünya üzrə taxıl ehtiyatlarının 900,2 milyon ton təşkil edəcəyi gözlənilir. Bu, ötən ayla müqayisədə 1,6 milyon ton çoxdur. Artım əsasən buğda və düyü ehtiyatlarının çoxalması ilə bağlıdır. Kanada və Rusiyada bol məhsul nəticəsində buğda ehtiyatlarının 2,4 milyon ton artacağı, Braziliya və ABŞ-də isə qarğıdalı ehtiyatlarının yüksələcəyi proqnozlaşdırılır. Avropa İttifaqında isə istehsal azaldığı üçün ehtiyatların azalması gözlənilir.
FAO-nun 2025-2026 mövsümü üzrə dünya taxıl ticarəti proqnozu bu ay 3,7 milyon ton artırılaraq 497,1 milyon ton səviyyəsində müəyyən edilib. Bu, 2024-2025 mövsümü ilə müqayisədə 2,5 faiz və ya 12 milyon ton artım deməkdir.
Buğda ticarətinin (iyul–iyun dövrü üzrə) 2025-2026 mövsümündə 4,9 faiz artaraq 202,1 milyon tona çatacağı gözlənilir. Bu, ötən ayın proqnozundan 1,2 milyon ton çoxdur. Avropa İttifaqında ixracın zəif başlamasına baxmayaraq, Avstraliyada bol məhsul və ABŞ-də rəqabətqabiliyyətli qiymətlər, eləcə də İraq və Türkiyədən davam edən güclü tələbat bu azalmaları kompensasiya edir.
Ekspertlər isə hesab edir ki, məhsuldarlıq artımı qlobal təklifin genişlənməsini təmin etsə də, yerli bazarlarda qiymətlərin hər zaman aşağı düşməsi gözlənilmir. Çünki daşınma, istehsal xərcləri və inflyasiya kimi amillər qiymətlərin formalaşmasına təsir göstərir.
İqtisadçı Xalid Kərimli Sherg.az-a açıqlamasında deyib ki, qlobal bazarda buğdanın qiyməti son bir neçə ildir ucuzlaşır:
“London əmtəə birjasının qiymətlərinə əsasən deyə bilərəm ki, son 5 ildə buğdanın qiyməti 15,45 faiz ucuzlaşıb. Son 1 ildə isə 13, 3 faiz ucuzlaşıb. Son bir həftədə isə 1,1 faiz artım müşahidə edilsə də, son 1 aydakı ümumi ucuzlaşma 1 faizdən çox olub.Hazırda dünya bazarında buğdanın qiymətinin yüksək olmadığını vurğulayan iqtisadçı deyib ki, 2020-ci illərin baha qiymətlərindən 15-16 faiz ucuzlaşma qeydə alınıb. Yəni məhsuldarlıqdakı artım qiymətlərdə də öz əksini tapır. Dekabr fyuçersləri bazarında bundan artıq qiymət enişi reallıqda görünmür”.
Konkret olaraq Azərbaycana gəldikdə isə X.Kərimli bunun ölkəmizə heç bir təsirinin olmadığını düşünür. Onun fikrincə, buğdanın satışında hansısa bir ucuzlaşma müşahidə edilsə belə, çörək və digər buğda məhsullarında heç bir ucuzlaşma gözlənilmir:
“Bunun səbəbi ölkədə davam edən inflyasiya mühitidir: xərclər, kommunal xidmətlər, dizel və benzin qiymətləri artıb, həmçinin ictimai nəqliyyat bahalaşıb. Bu amillər sahibkarların xərclərini artırır və məhsuldarlıqdakı cüzi artım qiymətə təsir göstərmir. Nəticədə, son bir ildə Azərbaycanda çörək, un məmulatları və yarmaların qiyməti 2 faiz bahalaşıb və hər ay artım müşahidə olunur. Bir sözlə, qlobal məhsuldarlıq artımı və qiymətlərin ucuzlaşması texniki olaraq mövcud olsa da, yerli şərtlər, inflyasiya və yüksələn xərclər bu tendensiyanı əhalinin gündəlik xərclərinə çevirmir”.