“Müharibənin həlli yalnız mövcud mövqelərin saxlanması ilə mümkündür”
Dörd ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi müasir beynəlxalq münasibətlər sistemində ən uzunmüddətli və dağıdıcı münaqişələrdən birinə çevrilib.
Rusiya- Ukrayna danışıqlarında əsas ziddiyyətlərdən biri ərazi məsələsi olaraq qalır və bu faktor sülh prosesinin irəliləməsinə ciddi maneə yaradır. Xüsusilə Donbas bölgəsi ətrafında formalaşan mövqelər tərəflər arasında razılaşmanı çətinləşdirən əsas nöqtə kimi çıxış edir. Rusiya bu ərazilərin tam şəkildə təhvil verilməsini tələb etsə də, Ukrayna mövcud vəziyyətdə nəzarətində olan bölgələrdən geri çəkilməyə hazır görünmür və bu da danışıqlarda kompromis imkanlarını məhdudlaşdırır.
Slovakiya parlamenti sədrinin müavini Tibor Qaspar Rusiya mediasına açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyaya ərazi güzəştindən imtina etdiyini bildirib.
Qaspar Rusiya-Ukrayna müharibəsinin bu il başa çatmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib: “Görünən budur ki, Zelenski ərazi itkisini rədd edir, bu, gələcək münasibətlər üçün kifayət qədər ciddi şərtdir”.
Siyasi prosesləri Sherg.az-a dəyərləndirən politoloq Natiq Miri qeyd edib ki, Rusiya ilə Ukrayna arasındakı sülh danışıqlarına ən böyük əngəl məhz ərazi məsələsidir. Onun fikrincə Rusiya Donbasın bütün ərazisinin Rusiyaya qeyd-şərtsiz təhvil verilməsini istəyir. Burada da əsas problem Donbasın tərkib hissəsi olan Luqansk və Donetsk vilayətlərinin bütün əraziləridir ki, Luqanskın çox kiçik hissəsi Ukrayna ordusunun nəzarətindədir: “Luqanskin böyük əksəriyyəti Rusiya tərəfindən işğal olunub, ancaq Donetsk vilayətinin hələ də 20–25 faizə qədəri Ukrayna ordusunun nəzarətindədir. Nəzarətdə olan şəhərlər bir növ qala şəhərləri adlanır. Yəni həm yüksəkliklər, həm meşəliklər nöqteyi-nəzərindən Ukraynanın mövqeləri müdafiə baxımından güclüdür. Və bu müdafiə xətti elə bir səviyyədə qurulub ki, artıq 4 ildən artıqdır müxtəlif yaz-yay-payız-qış əməliyyatlarına rəğmən və konkret tarixlərlə bu ərazilərin tamamilə işğalı əmri verilmiş olsa da, fakt ondan ibarətdir ki, Rusiya ordusu bunu həyata keçirə bilməyib. Üstəlik, bu gün Pokrovsk, Mirnoqrad aqlomerasiyası, o cümlədən Kramatorsk, Slavyansk və digər bölgələr var ki, bunlar bir növ "qala şəhərləri" adlanır. Ona görə ki, burada qurulan müdafiə xətti, ümumilikdə bu coğrafiya və mövqelər tamamilə Rusiyaya təhvil verilərsə, bundan sonra artıq Rusiyanın digər vilayətlərə- Zaporojye, Xarkov, o cümlədən Dnepropetrovsk və hətta Kiyevə qədər tamamilə hamar yolu açılacaq. Yəni təhvil veriləcək bu ərazilər Ukraynanın digər ərazilərinə qarşı hərbi əməliyyatlar üçün bir plasdarm rolunu oynayacaq. Buna görə də bu, Ukrayna üçün aldadıcı ola bilər. Çünki Ukrayna heç bir vaxt Rusiyaya etimad edə bilməz. Çünki Rusiya etimad olunacaq bir ölkə deyil. O baxımdan verdiyi istənilən vədə və imzaladığı istənilən sülh sənədi heç nə ifadə etmir və bunu Ukrayna rəhbərliyi də anlayır”.
Politoloq qeyd edib ki, ötən 4 il ərzində Ukrayna dövləti və xalqı göstərdi ki, onlar öz torpaqlarını Rusiya qarşısında təslim etməyəcək:
“Bu gün hərbi üstünlük artıq Rusiyanın tərəfində deyil, əksinə dron istehsalı, dron əleyhinə sistemlərin və antidron mexanizmlərinin yaradılması baxımından Ukrayna Rusiyanı artıq üstələyib. Paralel olaraq Ukrayna Rusiyanın dərinliklərində olan bütün hərbi-strateji obyektləri vurmaq üçün ballistik raketlər də istehsal etməyə başlayıb. Getdikcə bu raketlərin mənzili də artır. Yəni artıq tədricən Rusiyanın heç bir ərazisi Ukrayna raketləri üçün təhlükəsiz deyil. Bu da müharibənin artıq simmetrik müharibə mərhələsinə çatdığını göstərir. Yəni Rusiya hansı şəhərləri, paytaxtı və ya Ukraynanın qərb ərazilərini vurursa, Ukrayna da rahatlıqla Moskva, Sankt-Peterburq, Ural və daha uzaq şəhərləri həm dron, həm də raketlərlə vura bilir. Bu da Rusiyanın mövqelərini ciddi şəkildə sarsıdır. Artıq Rusiyada anlayırlar ki, bu müharibə Rusiya nöqteyi-nəzərindən uduzulub, ona görə də döyüşsüz Donbasın işğal olunmayan ərazilərinintəhvil verilməsini istəyirlər. O baxımdan ərazi məsələsinin həlli Ukraynanın Donbas ərazilərini Rusiyaya təhvil verməsi şərti ilə mümkün deyil. Bu, mümkünsüzdür. Rusiya istədiyini əldə edə bilməyəcək”.
N. Mirinin fikrincə ancaq ki, hər kəsin mövcud mövqelərində qalması şərti ilə müharibəni bitirmək olar:
“Bu halda isə Zaporojye atom elektrik stansiyasına kimin nəzarət etməsi məsələsi kimi ciddi məsələlər ortaya çıxacaq. Eyni zamanda, Ukraynanın müharibədən sonra təhlükəsizliyinə təminat və zəmanət məsələsi də aktual olaraq qalır”.