Keçmişdə ölüm əlamətlərinin yanlış qiymətləndirilə biləcəyi qorxusu insanların tarixdə ən qeyri-adi ixtiralardan birini yaratmasına səbəb olub. Söhbət "təhlükəsizlik tabutları"ndan gedir.
Sherg.az xəbər verir ki, XVIII-XIX əsrlərdə tibbin kifayət qədər inkişaf etmədiyi dövrdə bəzi insanlar huşunu itirdikdən və ya ağır xəstəlik keçirdikdən sonra səhvən ölü hesab edilərək dəfn olunmaqdan ehtiyat edirdilər. Bu qorxu hətta "tafefobiya"- diri-diri basdırılmaq qorxusu adı ilə tanınırdı.

Bu narahatlıq nəticəsində ixtiraçılar "təhlükəsizlik tabutları" hazırlayıblar. Tabutların içərisinə ip, zəng, hava borusu və müxtəlif siqnal mexanizmləri quraşdırılırdı. Məqsəd, əgər insan sağ olarsa, hərəkət edərək yerin üstündəki zəngi çalmaq və köməyə çağırmaq idi.

1829-cu ildə alman ixtiraçı İohann Qotfrid Taberger tərəfindən hazırlanan zəng sistemi həmin dövrün ən məşhur nümunələrindən biri hesab olunur. Bəzi modellərdə isə hava axınını təmin edən borular və tabutdakı hərəkəti çöldən göstərən mexaniki qurğular yerləşdirilirdi.
Tarixçilər bildirirlər ki, bu tabutların həqiqətən kiminsə həyatını xilas etməsinə dair etibarlı sübut yoxdur. Buna baxmayaraq, onlar insanların ölüm və səhv diaqnoz qorxusunun simvoluna çevrilib.

Mütəxəssislərin sözlərinə görə, müasir tibbdə ölümün müəyyənləşdirilməsi daha dəqiq üsullarla aparıldığından bu cür qorxular əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb. Bununla belə, təhlükəsizlik tabutları tarixdə insanın ölüm qarşısında belə çıxış yolu axtarmaq istəyinin maraqlı nümunələrindən biri kimi qalır.