Xan qızı Natəvan Parisdə: Ən qüdrətli ordu bölüyü mədəniyyət “desantı”dır
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Azərbaycan mədəniyyəti ilə “paslı qıfıllar” açılır
“Bilirsiniz ki, Xan qızı həm olduqca istedadlı şair və rəssam olub, həm də çox ədalətli, Vətənini və millətini ürəkdən sevən humanist və xeyirxah bir insan kimi tanınıb”.
Bu sözləri Sherg.az-a açıqlamasında əslən qarabağlı, yazıçı-publisist Kərim Kərimli Xan qızı Natəvanın yaradıcılığına həsr olunmuş ədəbi-bədii musiqili məclisin Parisdə keçirilməsi ilə bağlı məlumatı şərh edərkən söyləyib.
Xurşidbanu Natəvanın Azərbaycan ədəbiyyatı və tarixindəki önəmli yerə bir neçə kəlmə ilə toxunmazdan öncə, Parisdə keçirilmiş tədbir barədə qısaca məlumat verək. Qeyd edək ki, Parisdə Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın yaradıcılığına həsr olunmuş ədəbi-musiqili məclis keçirilib. Ədəbi məclisdə fransız ədəbiyyatı və intellektual dairələrinin nümayəndələri, şair və yazıçılar, habelə jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan səfir Leyla Abdullayeva XIX əsr tanınmış Azərbaycan şairəsi, sonuncu Qarabağ xanının qızı Xurşidbanu Natəvan haqqında danışaraq, dövrünün aparıcı qadın siması olan xan qızının zəngin yaradıcılığı, Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafına verdiyi töhfəsi, habelə onun xeyriyyəçilik fəaliyyəti barədə iştirakçılara məlumat verib. Məclisdə fransız nümayəndələri, Marsel Dramatik İncəsənət Konservatoriyası məzunu və klassik vokal sahəsində təhsil almış Alain Tremoliers, “Rives Mediterraneenes” mədəniyyət təşkilatının prezidenti, altı şeir toplusunun müəllifi şairə Fatima Şbiban, habelə ədəbiyyat nəzəriyyəsi üzrə təhsil almış və hazırda Strasburq Universitetinin Yaxın Şərq və Aralıq dənizi ətrafı ölkələri üzrə regionşünaslıq fakültəsinin tələbəsi, ədəbi əsərlərin tərcüməçisi Sitarə Quliyeva Natəvanın bədii yaradıcılığından bəhs edib və şairənin qəzəllərini Azərbaycan və fransız dillərində səsləndiriblər. Qəzəllərin təqdimatı Azərbaycan milli musiqisi və muğamı ilə müşayiət edilib. Musiqi alətlərimiz tar və kamançada Azərbaycan Milli Konservatoriyasının İnstrumental ifaçılıq kafedrasının baş müəllimi, tarzən Elçin Nağıyev və Qarabağ Universitetinin incəsənət fakültəsinin dosenti, Xalq artisti və kamança ustası Elşən Mansurov ifa ediblər. Muğamın ahəngi ilə qəzəllərin poetik dərinliyinin vəhdəti milli mədəniyyətimizin zənginliyini nümayiş etdirməklə yanaşı, dinləyicilərin könlünü oxşayıb. Natəvan poeziya məclisinin iştirakçıları tədbirin sonunda görkəmli şairənin Parisdəki Mədəniyyət Mərkəzinin bağında ucaldılan heykəli önündə xatirə şəkli çəkdiriblər.
Xurşidbanu Natəvanın yaradıcılığına həsr olunmuş ədəbi-bədii məclisin Avropa mədəniyyətinin paytaxtı hesab olunan Parisdə keçirilməsi Azərbaycanın misilsiz mədəniyyətinin tanıtımı baxımından önəmlidir. Xurşidbanu Natəvan Qarabağ xanlarının sonuncusu Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın isə nəvəsi idi. Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdu. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdi. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (tək inci), el arasında isə "Xan qızı" çağırırdılar. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars dilləri də tədris edildiyindən Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdi. O, lazımi dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olmuş, dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları ilə tanışlıq Xurşidbanunu klassik ədəbiyyata bağlamışdı. Natəvanın dünyagörüşünün, bədii zövqünün formalaşmasında yaxın və uzaq qohumlarının əməyi az olmayıb. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşidbanuda şeirə və sənətə olan şövq və həvəsi qüvvətləndirmişdi. Natəvanın qəzəlləri, rübailəri Azərbaycan klassik ədəbiyyatının inciləridir. Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideyalara malik şəxsiyyət olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub. Bu şəxsiyyətin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy-köküdür. Yəni Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu-Qacarların qanı vardır. Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınırdı. O, kasıblara əl tutar, ictimai işlərdə fəallıq göstərərdi. Təsadüfi deyil ki, o dövrdə Şuşanın abadlaşması, şəhərə su kəmərinin çəkilməsi məhz Xan qızı Natəvanın adıyla bağlıdır. Ailə münasibətlərindəki gərginlik, dövranın haqsızlığı, zalımların sitəmi şairəni vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdu. Ağlamaqdan gözlərinin nurunu itirmiş, bədəni taqətdən düşmüşdü. Xurşidbanu Natəvan 1897-ci il, 2 oktyabrda vəfat edib və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunub. Ağdam rayonu işğaldan azad edildikdən sonra, məlum oldu ki, separatçı erməni dəstələri tərəfindən Natəvanın məqbərəsi dağıdılıb, qəbri isə təhqir olunub, qazılıb və sümükləri də qəbrindən çıxarılıb aparılıb. Bu haqda güneyli soydaşımız, Fransada yaşayan məşhur fotojurnalist Rza Dehqəti məlumat da dərc edib, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də bu faktı təsdiqləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Əslən Qarabağdan olan yazıçı-publisist Kərim Kərimli Sherg.az-a açıqlamasında Fransanın paytaxtında Xurşidbanu Natəvanın yaradıcılığına həsr olunmuş ədəbi-bədii tədbir keçirilməsinin sevindirici hadisə olduğunu dedi:
- Əlbəttə, dünyanın məşhur mədəniyyət mərkəzlərindən biri və Avropanın əsas ölkələrindən birinin paytaxtı olan Paris şəhərində Xurşidbanu Natəvana həsr olunmuş hər hansı bir məclisin keçirilməsi olduqca müsbət hadisədir və ulu nənəmiz Natəvanın canından artıq sevdiyi Şuşanın müasir sakinlərindən biri kimi də məni çox sevindirir. Xurşidbanunun Fransaya, Parisə aid məlumatlara, biliklərə malik olduğu da məlumdur. Ən azı böyük fransız yazıçısı və səyyahı Aleksandr Düma ilə görüşü Azərbaycanın mədəniyyət tarixində əhəmiyyətli bir hadisə kimi əks olunub. Fransa yazıçısı ilə Azərbaycan şairinin şahmat oynaması və gənc Natəvanın özündən 30 yaş böyük Dümaya qalib gəlməsi barədə tarixi məlumatlar var. Həmin məlumatlara əsasən Düma Xan qızının ağıl və istedadına valeh olub və ona qiymətli hədiyyələr bağışlayıb. Bunlar Napoleonun büstü və fil sümüyündən düzəldilmiş zərif şahmat fiquru idi. Xan qızının ailəsi də qonağa borclu qalmayıb, ona qiymətli Qarabağ bəxşişləri hədiyyə edib. Fransadakı səfirliyimizin, Leyla xanımın bu təşəbbüsünü alqışlayıram, həmçinin bu istiqamətdə fəaliyyətlərinə də uğurlar arzulayıram. Hesab edirəm ki, bu cür tədbirlər həm Parisdəki, həm də dünyanın digər ölkələrinin paytaxtlarında olan səfirliklərimizin əməli fəaliyyətində bir ənənəyə çevrilməlidir. Çünki mənim düşüncəmə görə, ən qüdrətli ordu bölüyü mədəniyyət “desantı”dır. Zənnimcə, dünyanın ən möhtəşəm mədəniyyətlərindən olan Azərbaycan milli mədəniyyəti – onun bütün sahələri və çalarları ilə – ən paslı qıfılları olan qapıları belə açmağa qadirdir və heç bir halda ona qarşı heç kim laqeyd qala bilməz. Azərbaycan mədəniyyətini sevən hər kəs Azərbaycan xalqını da sevər, Azərbaycan xalqının haqq işini də dəstəkləyər, müdafiə edər. Burada bir arzumu da demək istəyirəm. Çox istərdim ki, bu cür tədbirlər, ifadəyə görə üzr istəyirəm, heç bir halda, ölməz Lütfəli Abdullayev demişkən, “quş qoymaq” xatirinə keçirilməsin. Statistika naminə, mərkəzə hesabat xatirinə atılan addımlar, bir qayda olaraq, nəticəsiz, bəhrəsiz qalır və əks effekt verir. Digər tərəfdən, çox vacibdir ki, bu cür tədbirlərə Azərbaycan vətəndaşları, azərbaycanlılarla yanaşı, hətta bizdən daha çox xaricilər, yəni yerli sakinlər və ola bilsin, lap oranın qonaqları dəvət edilsin. Xurşidbanu Natəvan haqqında qurulan məclisdə 10 azərbaycanlıdansa bir fransalının iştirakı daha məqsədəuyğundur. Mən bu sözləri konkret haqqında danışdığımız tədbirlə bağlı deyil, ümumiyyətlə, deyirəm. Və daha çox həmin yerlərin, ölkələrin, şəhərlərin ziyalı təbəqəsinə, yerli idarəetmədə iştirak edən məmur zümrəsinə və əlbəttə, mütləq olaraq oradakı media təmsilçilərinə sirayət olunmaq, nüfuz etmək lazımdır. Qeyd etmək istədiyim bir məsələ də odur ki, bu cür tədbirlərdə müasir informasiya texnologiyaları, dövrün tələblərinə uyğun olaraq virtual, elektron təqdimatlarla yanaşı, necə deyərlər, canlı və maddi təqdimatlar da olsun. Məsələn, Xurşidbanu Natəvanın (və ya başqa halda başqa müəllifin) artıq yerli dilə tərcümə olunmuş nəfis bir toplusunun iştirakçılara paylanması, məncə, parlaq təəssürat yaradar və fakt olaraq da bu təəssüratın uzun müddət yaşamasına səbəb olar. Yaxud, Xan qızının nəslindənmi, tədqiqatçılarındanmı kiminsə canlı iştirakı və çıxışı işin səmərəsini daha da artıra bilər. Sonda xanım səfir Leyla Abdullayevaya Xan qızı Natəvanın zəriflik və mətanətinin Parisə bir daha tanıdılmasına vəsilə olduğuna görə Şuşa sakini kimi təşəkkürümü bildirirəm.