Şabran rayonu Azərbaycanın şimali şərqində, Böyük Qafqaz sıra dağlarının ətəyində və Xəzər dənizinin sahillərində qərar tutub. Rayon Xızı, Siyəzən, Quba və
Xaçmaz rayonları ilə qonşuluqdadır.
QHT.az xəbər verir ki, “Mühit” Ekoloji-Mühafizə İctimai Birliyi iyulun 17-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Meşə yanğınları ilə mübarizə sahəsində maarifləndirmə” layihəsi Şabran rayonunda öz işini sona çatdırıb.
Tədbirdə çıxış edən birliyin sədri Əzizağa Hünbətəliyev 2024-cü ildə Bakıda keçirilən BMT-nin COP29 sessiyasının gündəliyində duran məsələləri şərh edərək iştirakçıların diqqətinə çatdırıb.


O, meşə yanğınları ilə mübarizədə maarifləndirici tədbirlərin müsbət rolunu xüsusi olaraq qeyd edib.
Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin Maarifləndirmə Sektorunun müdiri Nair Dəmirov meşə yanğınları ilə əlaqədar nazirliklər ilə koordinasiyalı şəkildə həyata keçirdikləri tədbirlərin əhəmiyyətini vurğulayıb.
Şabran rayon İHB-nin Qorğan İƏD üzrə nümayəndəsi Orxan Balabəyov meşə yanğınları ilə bağlı kənd camaatı ilə tez-tez maarifləndirici söhbətlər aparıldığını bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin DAİM-nin Bitkiçilik Sektorunun əməkdaşı Murad Əhmədov meşə yanğınlarının flora və faunaya vurduğu zərəri xatırladaraq, yanğınların torpağın humus qatına öldürücü təsirindən danışıb.
Qorğan kənd sakini qocaman meşə işçisi Tahir Cəfərov 31 il meşəbəyi işlədiyini, yaşıl təbii sərvəti mühafizə etdiyini bildirib. O, yanğınla mübarizədə yerli sakinlərin xüsusi olaraq müsbət rol oynadığını iştirakçıların diqqətinə çatdırıb.
Layihənin eksperti hüquqşünas Aydın Kərimov meşələrin yandırılmasının hüquqi nəticələrindən danışaraq son illər meşə və əkin sahələrinin yandırılması hallarının azalmasını bildirib.
Hüquqşünas meşə təsərrüfatına malik olan rayonlarda aparılan
maarifləndirici tədbirlərin səmərə verdiyini bildirib. Sonra o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini şərh edib.
Tədbirin sonunda iştirakçılar Qorğan və Bilici-Qorğan kəndlərinin yanğına həssas olan ərazilərində iki ədəd qadağanedici lövhələr bərkidiblər.