XX əsrə qədər səyahət etmək əsasən imperiyaların nümayəndələrinə, tacirlərə, diplomatlara və zadəganlara məxsus imtiyaz idi. Coğrafiyanı kəşf etmək, fərqli mədəniyyətləri tanımaq yalnız elit təbəqənin imkanları daxilində idi. Sənaye inqilabı, texnoloji inkişaf və sosial hüquqlar uğrunda mübarizə bu mənzərəni dəyişdi. Turizm qlobal iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilərək orta və aşağı sosial təbəqələr üçün də əlçatan oldu və onların həyat tərzinə mühüm təsir göstərməyə başladı.
Müasir turizmin əsasları XVII–XIX əsrlərdə Avropada formalaşdı. İngilis və fransız zadəganlarının İtaliya və Yunanıstana uzunmüddətli səfərləri yalnız təhsil məqsədi daşımır, həm də sosial statusun möhkəmləndirilməsinə xidmət edirdi. Həmin dövrdə turizm cəmiyyəti elit və qeyri-elit təbəqələr arasında fərqi göstərən mühüm sosial göstəricilərdən biri idi.
XIX əsrdə dəmir yollarının və buxarlı gəmilərin inkişafı turizmdə dönüş yaratdı. 1841-ci ildə Tomas Kukun təşkil etdiyi ilk qrup qatar səfəri müasir paket turların əsasını qoydu. II Dünya müharibəsindən sonra ödənişli məzuniyyət hüququnun genişlənməsi, sonralar isə çarter reysləri və aşağıbüdcəli aviaşirkətlərin yaranması milyonlarla insanın səyahət imkanlarını artırdı. Rəqəmsal texnologiyalar isə turizm xidmətlərini daha əlçatan və fərdiləşmiş hala gətirdi.

Turizmin kütləviləşməsi qeyri-elit təbəqəni yalnız turistə deyil, həm də bu sənayenin əsas iştirakçısına çevirdi. Səyahət insanlar üçün yeni bilik, mədəni təcrübə və sosial imkanlar açdı. Eyni zamanda turizm inkişaf etməkdə olan bölgələrdə yerli əhalinin gəlirlərini artıraraq daxili miqrasiyanın qarşısının alınmasına da müəyyən töhfə verdi.
Azərbaycanda bu prosesin ən maraqlı nümunələrindən biri İsmayıllının Lahıc qəsəbəsidir. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Lahıc misgərlik sənəti uzun illər yerli istehsala əsaslansa da, bu gün beynəlxalq turizm marşrutlarının mühüm dayanacaqlarından birinə çevrilib. Turizm yerli sənətkarlar və ev sahibləri üçün yeni gəlir mənbəyi yaradıb, unudulmaqda olan sənət növlərinin yenidən canlanmasına şərait yaradıb. Lahıc ustaları artıq yalnız istehsalçı deyil, həm də Azərbaycanın mədəni irsini dünyaya təqdim edən simalara çevriliblər.
Lakin bu inkişafın görünməyən tərəfi də var. Yerli əhalinin böyük zəhmətlə topladığı dərman bitkiləri və istehsal etdiyi təbii məhsullar əksər hallarda turistə birbaşa çatmır. Maddi imkanların məhdudluğu səbəbindən bu məhsullar vasitəçilər tərəfindən ucuz qiymətə alınır, əvəzində başqa bölgələrdən gətirilən keyfiyyətsiz məhsullar "Lahıc məhsulu" adı ilə satışa çıxarılır. Bu isə həm turistlərin aldadılmasına, həm də Lahıcın tarixi nüfuzuna və yerli sənətkarların qazancına ciddi zərbə vurur.

Bundan başqa, qəsəbədə plansız ticarət və nəzarətsiz xidmət fəaliyyəti gündəlik həyatı çətinləşdirir. Dar tarixi küçələrdə kortəbii satış, at və qatır gəzintiləri, yüksək səs-küy və antisanitar vəziyyət həm yerli sakinlərin rahatlığını pozur, həm də Lahıcın mədəni mühitinə xələl gətirir.
Qəsəbədə ictimai məkanların kortəbii ticarət üçün istifadə olunması da ciddi problemlər yaradır. Tarixən sakinlərin sərbəst hərəkəti və sosial ünsiyyəti üçün nəzərdə tutulmuş küçə və meydanlar piştaxtalarla tutulur, piyada hərəkəti çətinləşir. Nəticədə Lahıc tədricən yaşayış məskənindən çox nəzarətsiz bazar görüntüsü almağa başlayır.
Kütləvi turizm Lahıcın memarlıq irsinə də təzyiq göstərir. Daş döşənmiş küçələr, qədim kanalizasiya sistemi və tarixi tikililər artan turist axınının təsiri altında qalır. Eyni zamanda iri investorların qədim evləri alması və turizm obyektlərinə çevirməsi daşınmaz əmlakın qiymətini artırır. Bu isə xüsusilə gənc sənətkarların qəsəbədə yaşamasını və fəaliyyətini çətinləşdirir. Bəzi emalatxanalar isə istehsal məkanı olmaqdan uzaqlaşaraq turistlər üçün nümayiş obyektinə çevrilir. Beləliklə, turizm bir tərəfdən iqtisadi gəlir gətirsə də, digər tərəfdən Lahıcın sosial və mədəni strukturunu dəyişdirir.
Müasir dövrdə turizm aristokratların imtiyazından çıxaraq milyonlarla insan üçün əlçatan sahəyə çevrilib. O, insanlara yeni mədəniyyətləri tanımaq, dünyagörüşünü genişləndirmək və iqtisadi imkanlar qazanmaq şəraiti yaradır. Lakin nəzarətsiz inkişaf etdiyi hallarda yerli icmaların maraqları ikinci plana keçir, iqtisadi fayda isə daha çox vasitəçilərin və iri kapitalın əlində cəmlənir.
Lahıc nümunəsi göstərir ki, bu qəsəbə turistlər üçün yaradılmış dekorativ məkan deyil, əsrlərdir yaşayan insanların doğma yurdudur. Burada insanlar öz həyat tərzini, sənətkarlıq ənənələrini və mədəni irsini qoruyaraq yaşayırlar. Turizmin inkişafı da ilk növbədə bu dəyərlərin və yerli icmanın maraqlarının qorunmasına xidmət etməlidir.
Yerli istehsalçıların əməyini istismar edən vasitəçilik, saxta məhsulların "Lahıc məhsulu" adı ilə satılması, ictimai məkanların nizamsız zəbt olunması və tarixi mühitə laqeyd münasibət turizmin demokratikləşməsinin kölgə tərəfini ortaya qoyur. Bu problemlər aradan qaldırılmadıqca turizm gözlənilən rifahı deyil, sosial bərabərsizliyi və yadlaşmanı daha da dərinləşdirə bilər.
Ağaməşədi Əliyev,
Lahıc DTMQ-nin elmi işçisi