Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev hakimiyyətini qarşıdan gələn qışa hazırlıq və Rusiya ordusunun hücumlarına qarşı tədbirlərin görülməsi istiqamətində işi ləng aparmaqda tənqid edib.

Sherg.az xəbər verir ki, bu barədə yerli “İnsayder” nəşri məlumat yayıb.

“Kiyev Rusiyanın hücumlarına və çətin qış şəraitinə kifayət qədər hazırlaşmayıb”, – deyə Zelenski bildirib.

O, paytaxtın dayanıqlığını artırmaq məqsədilə biznes nümayəndələri və dövlət idarəçiliyinin təmsilçilərindən ibarət xüsusi komandanın yaradılmasını təklif edib.

Nəşrin məlumatına görə, Kiyevdə elektrik enerjisi təchizatı ilə bağlı vəziyyət daha əvvəl Zelenski ilə şəhərin meri Vitali Kliçko arasında qarşılıqlı tənqidlərə səbəb olub. Zelenski paytaxt rəhbərliyini digər regionlarla müqayisədə işi kifayət qədər intensiv aparmamaqda ittiham edib. Kliçko isə öz növbəsində ona qarşı “aramsız tənqidlərdən” şikayətlənib və şəhərdə vəziyyətin olduqca mürəkkəb olduğunu bildirib.