Ermənistanda seçki qanunvericiliyinə dəyişikliklər mübahisə yaradıb

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyası parlamentin qəbul etdiyi Seçki Məcəlləsinə dəyişikliklərin ölkə Konstitusiyasına zidd olduğunu bəyan edib və məsələ ilə bağlı təcili olaraq Konstitusiya Məhkəməsinə müraciət edilməsinə çağırıb.

Sherg.az xəbər verir ki, iyulun 3-də Ermənistan parlamenti Seçki Məcəlləsinə edilən dəyişiklikləri ikinci və yekun oxunuşda qəbul edib. Yeni qaydalara əsasən, ölkə hüdudlarından kənarda daimi yaşayan Ermənistan vətəndaşları parlament seçkilərində və referendumlarda səs verə bilməyəcəklər.

Partiya hesab edir ki, bu dəyişikliklər seçki hüququnun həyata keçirilməsi üçün faktiki yaşayış tələbi qoyur və bu, Konstitusiyaya ziddir. Bəyanatda bildirilir ki, qəbul edilən düzəlişlərin əsas məqsədi siyasi xarakter daşıyır və gələcək referendumların keçirilməsi mexanizminə təsir göstərməkdir.

Erməni Milli Konqresi xəbərdarlıq edib ki, dəyişikliklər Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməzsə, gələcək ümumxalq səsvermələri və seçkilərin legitimliyi sual altına düşə, ölkədə davamlı konstitusion böhran yarana bilər.

Qeyd edək ki, hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının təşəbbüsü ilə qəbul edilən dəyişikliklərə əsasən, parlament seçkilərində və referendumlarda yalnız son iki ilin ən azı 366 gününü Ermənistanda daimi yaşamış vətəndaşlar iştirak edə biləcəklər. Müxalifətdəki "Ermənistan" fraksiyası isə bu dəyişikliklərdən Konstitusiya Məhkəməsinə şikayət edəcəyini açıqlayıb.