İranda siyasi gərginlik xaos yarada bilər - POLİTOLOQ
Yusif Nəzərli
01:42 07.03.2025
Region
613
Panfarsçılar türk mənşəli prezidenti vəzifəsindən uzaqlaşdırmağa çalışırlar
“Güney azərbaycanlılar və İranın digər qeyri-fars xalqları Pezeşkianla həmrəylik nümayiş etdirməlidirlər”
İranda siyasi böhran davam edir. Ölkə Prezidenti Məsud Pezeşkian istefa ərizəsini ölkənin ali dini lideri Əli Xameneiyə təqdim edib. Lakin Xamenei bu addımı qəti şəkildə rədd edərək deyib ki, prezidentin gedişi İranı həm beynəlxalq ictimaiyyətin, həm də öz xalqının gözündə “zəiflədəcək”. Ali dini rəhbər hesab edir ki, İran daxili qeyri-sabitlik və xarici təzyiqlər qarşısında zəiflik nümayiş etdirə bilməz. Pezeşkianın Xameneinin mövqeyini qəbul edib prezident vəzifəsini davam etdirəcəyi, yoxsa vəziyyətin İran hökuməti daxilində böhranı daha da dərinləşdirəcəyi indiki məqamda qeyri-müəyyən olaraq qalır. Pezeşkianın istefa qərarı ölkədə maliyyə nazirinin işdən çıxarılması və vitse-prezidentin istefası ilə daha da kəskinləşən siyasi böhran fonunda baş verib. Bu hadisələr hökumət daxilində gərginliyi artırıb və ölkənin gələcək kursu ilə bağlı müzakirələrə səbəb olub. Görünən odur ki, İranda, dini hakimiyyət və icraçı hakimiyyət arasında münasibətlər kəskin şəkildə korlanıb. Xatırladaq ki, bir müddət öncə Məsud Pezeşkian Tehranda keçirilən Təbriz mədəniyyət həftəsində Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın şeirindən iki bənd oxumuşdu. Bu zaman ona xəbərdarlıq edildi və prezident şeirin ardını deməyi dayandırdı. Pezeşkian tədbirdən sonra dolayısı ilə bildirdi ki, ölkədə prezidentin heç bir hüququ-səlahiyyəti yoxdur və ona düşündüyü heç nəyi həyata keçirməyə imkan vermirlər. Ekspertlərə görə, bu gün İranda ikihakimiyyətlilik var və əslində, “görünməyən” hakimiyyət - SEPAH daha güclüdür.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, İranda hakimiyyətdaxili gərginliyin güclənməsi, islahatçılarla mühafizəkarlar arasında gərginliyin pik həddinə çatması gözlənilən idi. Analitikin fikrincə, islahatçıların lideri Məsud Pezeşkianın prezident vəzifəsindən istefa ərizəsi yazmasında da qeyri-adi, təəccüblü heç nə yoxdur:
"Seçki kampaniyası zamanı mövcud molla rejiminin yeni xətt yürüdəcəyinə və ölkəsinin idarəetmə kursunun yeniləşəcəyinə az da olsa ümidlər bəsləyən Pezeşkian, ötən bir ildə hakimiyyətdə olduğu müddət ərzində artıq tam olaraq anladı ki, bu rejimin yeniləşməsi, köklü islahatlara getməsi ümumiyyətlə qeyri-mümkündür. Bu baxımdan, Pezeşkianın strateji məsələlər üzrə müavini, İranın islahatçı siyasi qrupunun əsas liderlərindən biri olan Məhəmməd Cavad Zərifin bugünlərdə istefa verməyə məcbur olması, habelə maliyyə və iqtisadiyyat naziri Abdolnaser Hematinin iqtisadi çətinliklərin yaranmasında günahlandırılaraq martın 2-də parlament tərəfindən vəzifəsindən azad edilməsi İranın azərbaycanlı prezidentinin islahat ümidlərinə vurulan ağır zərbələr kimi qəbul edilməlidir. Bu arada Pezeşkianın özü də ciddi təzyiqlərlə üzləşməkdədir. Bir tərəfdən, İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ ilə istənilən danışıqların əleyhinə olduğuna görə Pezeşkianın Tramp administrasiyası ilə danışıqların tərəfdarı kimi çıxış etməsini qəbul etmir. Prezidentin ali liderə tabe olduğunu nəzərə alsaq, Pezeşkianın bu mövqeyinin Xameneiyə etiraz kimi qəbul olunması onu ali dini liderin təzyiq hədəfinə çevirir. Digər tərəfdən isə Prezident və onun komandasının ötən bir ilə yaxın müddət ərzində ölkənin problemlərinin həllində heç bir ciddi uğur qazana bilməməsindən bəhanə kimi istifadə edən SEPAH rəhbərliyi və bütün mühafizəkarlar, panfarsçılar Pezeşkiana qarşı hər tərəfdən təzyiqləri artırmağa başlayıblar".
Ekspert qeyd edib ki, belə kritik məqamda Pezeşkianın “konstitusion haqlarımıza əsaslanaraq türkcənin tədris olunması ilə bağlı qərar verdik, qanunun yenidən məclisə göndərilməsinə gərək qalmadı” səpkili açıqlama ilə çıxış etməsi ölkədəki siyasi gərginliyin hərarətinin daha da artmasına və ona qarşı təzyiqlərin güclənməsinə səbəb olub:
"Görünən budur ki, panfarsçılar hazırkı həssas durumdan maksimum yararlanmağa və qeyri-fars mənşəli prezidenti vəzifəsindən uzaqlaşdırmağa çalışırlar. Lakin ümid edək ki, Pezeşkian dini-mühafizəkar qanada və fars millətçilərinin təzyiqlərinə dirəniş göstərməyi bacaracaq. Güney azərbaycanlılar və İranın digər qeyri-fars xalqları Pezeşkianla həmrəylik nümayiş etdirməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi