Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkiləri ilə bağlı səsləndirilən ittihamlara görə keçmiş deputat Sofiya Ovsepyan və “Maariflənmiş Ermənistan” Partiyasının sədri Edmon Marukyan barəsində məhkəmə iddiası qaldırıb.
Sherg.az xəbər verir ki, Paşinyan Ovsepyanın seçkilərin saxtalaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərə görə üzr istəməsini, həmin iddiaların təkzib olunmasını və mənəvi zərərin ödənilməsini tələb edir. Baş nazir təhqirə görə 2 milyon dram, böhtana görə isə 4 milyon dram təzminat istəyib.
Marukyana qarşı iddia isə onun sosial şəbəkədə yaydığı videoda hakimiyyəti seçki saxtakarlığında ittiham etməsi ilə bağlıdır. Videoda Marukyan bəzi seçki məntəqələrində partiyasının səslərinin nəzərə alınmadığını iddia edib və hakimiyyəti seçki nəticələrini manipulyasiya etməkdə günahlandırıb.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası qalib gəlib.