Tatoyanın partiyası: Konstitusiya Məhkəməsi vətəndaşların hüquqlarını müdafiə etmədi

Ermənistanın sabiq ombudsmanı Arman Tatoyanın rəhbərlik etdiyi "Birlik Qanadları" Partiyası Konstitusiya Məhkəməsinin parlament seçkiləri ilə bağlı qərarını sərt tənqid edib.

Sherg.az xəbər verir ki, partiyanın bəyanatında Konstitusiya Məhkəməsinin dövlətçiliyi və vətəndaşların hüquqlarını müdafiə etmədiyi bildirilib.

Qeyd olunub ki, siyasi təşkilat seçkilərin legitimliyi böhranının aradan qaldırılması, ədalətin bərpası, konstitusiya quruluşunun və demokratiyanın müdafiəsinə yönəlmiş bütün proseslərdə fəal iştirak etməyə hazırdır.

Xatırladaq ki, Ermənistan Konstitusiya Məhkəməsi iyulun 4-də müxalifətin iddialarını rədd edərək iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrini qüvvədə saxlayıb. Bununla da Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası parlament çoxluğunu qoruyub, lakin Konstitusiyaya təkbaşına dəyişiklik etmək üçün tələb olunan konstitusion çoxluğu əldə etməyib.