İmamın əsl aşiqləri şəhidlərdir...
İmamın əsl aşiqləri şəhidlərdir...
Yusif Nəzərli
20:38 02.08.2022
Cəmiyyət
866
...Məsciddə soyunub zəncir vuranlar, ələm uçuranlar, ağı deyənlər yox
Tural İrfan: "Milli ilahiyyatçılara yol açılmalıdır ki, xalqa əsl dini anlatsınlar"
“Məhərrəm ayındakı ayinlərdən, tədbirlərdən siyasi məqsədlər üçün sui-istifadə edən yeganə ölkə İrandır”. Bu sözləri “Şərq”ə ilahiyyatçı Tural İrfan deyib. Ekspert bildirib ki, Azərbaycana qarşı İranın mövqeyi də məlumdur və ölkəmizdə hər an təxribatlar gözlənilir: “Məhərrəm ayında gördüyümüz xurafatların, siyasi şüarların, zəncirvurma, ələmuçurtma, ağı demə, sinə vurma mövhumatının islam dininə heç bir aidiyyəti yoxdur. Bu, islam dini bərqərar olduqdan əsrlər sonra Büveyhilər, Fatimilər, Qərmətilər, Həşşaşilər, Səfəvilər kimi məzhəbçi ideoloji xətt üzərində qurulan dövlətlərin qondardığı ayinlərdir. Digər müsəlmanlara qarşı savaşmaq üçün xarici, səlibçi dövlətlərin rəvac verdiyi bu ayinlərin hamısı digər məzhəbdən olan müsəlmanlara qarşı yönəlikdir. İran da həmin siyasəti yürüdərək dünya müsəlmanlarının arasında məzhəb nifaqını körükləyir.
İran bütün müsəlman ölkələrinə düşməndir. Kəşmir məsələsində Hindistanın, Uyğur türkləri məsələsində Çinin, Suriya məsələsində Rusiyanın, Kosova məsələsində Serbiyanın, Qarabağ məsələsində də Ermənistanın yanındadır. İslam dünyasına qarşı siyasət yürüdən bir dövlətin Azərbaycanda da Yəməndəki fitnəni yaratması mümkündür. Azərbaycanın inanclı insanlarının əksəriyyətinin məzhəb inancını istismar edən İran özünü dünyadakı bütün şiələrin lideri elan edərək hamısını məcbur şəkildə özünə tabe etmək istəyir”.
T.İrfanın sözlərinə görə, dini tədbirləri, müqəddəslərin ölüm-doğum gününü, dini bayramları öz siyasi məqsədləri üçün alət edən bu dövlət Azərbaycanda da matəm günlərində təxribat yaratmağa cəhd edir:
“Əvvəlcə insanları bir araya toplamaq üçün qondarma matəm günləri uydurur. Sonra müctəhidlərin fətvası əsasında insanları bir yerə cəm olmağa təhrik edir. Toplaşan insanların dini dərindən bilməməsinə əmin olaraq onları dövlət əleyhinə təşviq edir. Belə cəhdlərin qarşısı alınmalıdır. Əvvəla, milli ilahiyyatçılara yol açılmalıdır ki, xalqa əsl dini anlatsınlar. Hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçməlidir. İnsanların təxribat ehtimalı olan yerlərə toplaşmasının özü böyük günahdır. Peyğəmbər buyurur ki, “fitnə yatır, Allah yatmış fitnəni oyadana lənət etsin”. Yəni hamıya məlumdur ki, müəyyən xarici qüvvələr bu saat Azərbaycanın güclənməsindən narahatdırlar. Ona görə də daxildə çaxnaşma, ikitirəlik salaraq xalqın vəhdətini pozmaq istəyirlər. İmam Hüseyni sevən möminlər İran təxribatına uymamalıdır. İmamın əsl aşiqləri şəhidlərdir, məsciddə soyunub zəncir vuranlar, ələm uçurdanlar, ağı deyənlər yox. Çünki İmam Hüseyn zəncir və ələmşünaslığın yox, Vətəni, milləti, dini uğrunda şəhid olmağın əsasını qoyub”.
İlahiyyatçı diqqətə çatdırıb ki, son günlər çarşablı qadınları qabağa verib divarlara şüarlar yazdırırlar:
“Fars dilində şüarlar hətta orta məktəblərə qədər ayaq açıb. İmam Hüseyni, İslamı, Əhli Beyti öz çirkin siyasətinə alət etməklə əslində bu müqəddəsləri ən iyrənc şəkildə təhqir edirlər. Müqəddəsatı siyasi oyunlara qatmaq özü ən böyük küfrdür. İnsanların ayıq-sayıq olması vacibdir. Əsasən məscid imamlarına nəzarət güclənməlidir. Çünki onlardan İranın ələ aldığı adamlar var. İmam Hüseyni yad etmək üçün Quran oxumaq, ehtiyaclı insanlara əl tutmaq, şəhidlərin ailələrini ziyarət etmək, şəhidlərin ruhuna dua oxumaq, sülhə, sabitliyə şükr etmək lazımdır. Nəinki qara geyinib zəncir vurmaq, ələm uçurtmaq, siyasi şüarlar demək, hay-küy salmaq, təxribata alət olmaq. Əgər bu adamlar özlərini müsəlman hesab edirlərsə, islamın banisi Məhəmməd peyğəmbərdən nümunə götürməlidirlər, İranın siyasi liderlərindən yox. Peyğəmbərin sünnəsində də əsla xurafat, təxribat yoxdur.
Dindən başqalarını şantaj etmək aləti kimi istifadə etmək yoxdur. Din müqəddəsdir, dini şəxsi ambisiyalara, siyasi məqsədlərə alət etmək ən böyük kafirlikdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi