Hacıbəy Heydərli: Sosial media platformalarında baş verən bu dəyişikliklər media qurumları və jurnalistlər üçün də yeni yanaşmaları zəruri edir.
DataReportal-ın “Digital 2027: Azerbaijan” hesabatına əsasən, Azərbaycanda sosial media istifadəçilərinin sayı 8,44 milyona çatıb. Bu, ölkə əhalisinin təxminən 80,6 faizini təşkil edir. Hesabatda diqqətçəkən əsas məqamlardan biri TikTok platformasının auditoriyasının sürətlə genişlənməsi və digər sosial şəbəkələrlə müqayisədə önə çıxmasıdır. Məlumata görə, TikTok-un Azərbaycanda 18 yaşdan yuxarı auditoriyası üzrə hesablanan göstərici 8,44 milyon, Instagram-ın göstəricisi isə 4,15 milyon nəfərdir. Bununla belə, qeyd etmək lazımdır ki, bu rəqəmlər unikal istifadəçilərin sayını əks etdirmir. Belə ki, bir şəxsin bir neçə hesabı statistikaya daxil ola bilər.
Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli Sherg.az-a açıqlamasında Azərbaycanda sosial media platformalarının istifadəçi auditoriyasındakı dəyişiklikləri şərh edib:

"TikTok-un ölkəmizdəki auditoriyasında artım dinamikası diqqət çəkir. 2025-ci ilin yanvarı ilə 2026-cı ilin oktyabrı müqayisə edildikdə platformanın auditoriya göstəricisinin 6,73 milyondan 8,44 milyona yüksəldiyi görünür. Bu isə 1,71 milyon nəfərlik, yaxud təxminən 25,4 faizlik artım deməkdir. Instagram üzrə isə əks tendensiya müşahidə olunur. 2025-ci ilin oktyabrından 2026-cı ilin oktyabrına qədər platformanın Azərbaycandakı hesablanan auditoriya əhatəsi 100 min nəfər və ya 2,4 faiz azalıb. Facebook-da da geriləmə davam edir. Belə ki, platformanın auditoriya göstəricisi 2025-ci ilin əvvəlindəki 1,65 milyondan 2026-cı ilin oktyabrında 1,5 milyona düşüb. Bu, təxminən 9,1 faizlik azalma deməkdir. Mövcud göstəricilər Azərbaycanda sosial media istifadəçilərinin maraqlarının və informasiya istehlakı vərdişlərinin dəyişdiyini göstərir. TikTok qısa video məzmunları və geniş auditoriyası ilə ön plana çıxarkən, Instagram hələ də böyük istifadəçi kütləsini qoruyur. Facebook isə əvvəlki mövqelərini tədricən itirir. Sosial media platformalarında baş verən bu dəyişikliklər media qurumları və jurnalistlər üçün də yeni yanaşmaları zəruri edir. Auditoriyanın daha çox vaxt keçirdiyi platformalarda təmsil olunmaq, həmin şəbəkələrin imkanlarından düzgün istifadə etmək və rəqəmsal mühitə uyğunlaşmaq müasir medianın əsas tələblərindəndir".