Arıqlama dərmanları ilə bağlı xəbərdarlıq - Görmə itkisi riski var

ABŞ Qida və Dərman Administrasiyası (FDA) Ozempic, Wegovy və Mounjaro kimi diabet və arıqlama dərmanlarının nadir göz xəstəliyi və görmə itkisi riskini artıra biləcəyi barədə xəbərdarlıq edib.

Sherg.az xəbər verir ki, FDA bu preparatların təhlükəsizlik təlimatlarına mümkün risklə bağlı yeni məlumatların əlavə edilməsini tələb edib.

Qurumun açıqlamasına görə, sözügedən dərmanlar görmə sinirinə qan axınının azalması nəticəsində yaranan NAION xəstəliyi ilə əlaqəli ola bilər. Bu xəstəlik bir gözdə qəfil və ağrısız görmə itkisinə səbəb ola bilər.

Araşdırmada GLP-1 preparatlarından istifadə edən hər 100 min nəfərdən 6,4-də, digər diabet dərmanları və ya plasebo qəbul edənlər arasında isə 3,8-də bu xəstəlik qeydə alınıb.

Bununla belə, Novo Nordisk şirkəti mövcud araşdırmaların bu dərmanların NAION-a səbəb olduğunu sübut etmədiyini bildirib.