- Vaxtında müdaxilə ağır fəsadların qarşısını alır
Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlıq yaradıb.
Florida Səhiyyə Departamentinin məlumatlarına görə, 2025-ci ildə ştatda 39 cüzam halı qeydə alınıb. 2026-cı ildə isə indiyədək daha 19 yeni hal aşkarlanıb.
Cüzam Mycobacterium leprae bakteriyasının törətdiyi xroniki infeksion xəstəlikdir. Əsasən dəri, periferik sinirlər və selikli qişaları zədələyir. Minilliklərdir insanlara məlum olan bu xəstəlik müasir dövrdə də tamamilə yox olmayıb. Bununla belə, cüzam qrip və ya COVİD-19 kimi asanlıqla yayılan xəstəlik deyil. Mütəxəssislərin məlumatına görə, insanların böyük əksəriyyətində xəstəliyə qarşı təbii müqavimət var. Yoluxma üçün adətən müalicə almayan xəstə ilə uzunmüddətli və yaxın təmas tələb olunur. Müasir antibiotik müalicəsi ilə xəstəliyi sağaltmaq mümkündür. (müsavat.com)
Xatırladaq ki, cüzam əsrlər boyu yalnız tibbi deyil, həm də sosial qorxu mənbəyi olub. 1948-ci ildə ingilis həkim Ernest Muir xəstəliyin insan orqanizmində yaratdığı ağır fəsadları təsvir edərək yazıb ki, cüzam öldürdüyü üçün deyil, insanı süründürdüyü üçün ən çox qorxulan xəstəliklərdən biridir.
Keçmişdə xəstəliyin səbəbləri barədə elmi biliklərin məhdud olması cüzam ətrafında çoxsaylı yanlış inancların yaranmasına gətirib çıxarıb. Bəziləri bunu günahkarlara verilən ilahi cəza, digərləri isə irsi xəstəlik hesab edirdi. Halbuki cüzam əsasən dəri və periferik sinirləri zədələyən xroniki infeksion xəstəlikdir. Müalicə olunmadıqda sinir zədələnməsi hissiyyat itkisinə, əl və ayaqlarda yaralanmalara, hərəkət məhdudiyyətlərinə və zamanla ciddi deformasiyalara səbəb ola bilər. Məhz bu ağır nəticələrə görə tarix boyu cüzam xəstələri cəmiyyətdən təcrid edilib, xüsusi koloniyalarda yaşamağa məcbur ediliblər.
Onu da deyək ki, Azərbaycanda cüzam olduqca nadir rast gəlinən xəstəliklər sırasındadır. Rəsmi statistikada son illərdə ölkədə cüzam diaqnozu ilə qeydiyyatda olan şəxslərin sayının təxminən 10 nəfər ətrafında olduğu göstərilib. Bu rəqəm hər il 10 nəfərin cüzama yeni yoluxması demək deyil – söhbət həmin dövrdə cüzam diaqnozu ilə tibbi qeydiyyatda olan xəstələrdən gedir.
Səhiyyə Nazirliyinin daha əvvəl açıqladığı məlumatda isə ölkədə ümumilikdə 15 cüzam xəstəsinin olduğu bildirilmişdi. Müxtəlif rəqəmlərin göstərilməsi məlumatların ayrı-ayrı dövrlərə aid olması və statistik göstəricilərin fərqli meyarlarla – qeydiyyatda olan və tibbi nəzarətdə saxlanılan xəstələr üzrə təqdim edilməsi ilə bağlıdır.
Müqayisə üçün, 1990-cı ildə Azərbaycanda cüzam xəstələrinin sayı 80 nəfər olub. Sonrakı onilliklərdə xəstəliyin yayılması kəskin şəkildə azalıb. Azərbaycanda cüzam xəstələrinin müalicəsi və nəzarəti üçün ayrıca ixtisaslaşmış tibb müəssisəsi – Respublika Leproz (Cüzam) Xəstəxanası fəaliyyət göstərir. Xəstələr və onlarla yaxın təmasda olmuş şəxslər tibbi nəzarətdə saxlanılır.
Terapevt Ləman Şəfizadə Sherg.az-a açıqlamasında deyib ki, cüzam (lepra) artıq qorxulu xəstəlik deyil, vaxtında müalicə olunarsa, tam sağalmaq mümkündür.
Həkimin sözlərinə görə, cüzam Mycobacterium leprae bakteriyasının törətdiyi, əsasən dəri və sinir sisteminə təsir göstərən xroniki infeksion xəstəlikdir:
“Uzun illər ərzində müxtəlif yanlış inanclar səbəbindən cüzam cəmiyyətdə olduqca təhlükəli və sağalmaz xəstəlik kimi qəbul edilsə də, müasir tibbdə onun müalicəsi mümkündür.
Xəstəliyin əsas əlamətləri arasında dəridə hissiyyatın azalması və ya itməsi, solğun və ya qırmızımtıl ləkələrin yaranması, dərinin quruması, çatlaması və yaraların əmələ gəlməsi, eləcə də əl və ayaqlarda zəiflik və uyuşma yer alır. Sinirlərin zədələnməsi nəticəsində ağrı və hərəkət məhdudiyyəti də müşahidə oluna bilər”.
Terapevt qeyd edib ki, cüzam tədricən inkişaf edən xəstəlik olduğundan onun əlamətləri uzun müddət, hətta illərlə özünü büruzə verməyə bilər. Bu isə erkən diaqnostikanı xüsusilə əhəmiyyətli edir:
“Cüzam tam müalicə oluna bilən xəstəlikdir. Müalicədə çoxdərmanlı terapiyadan (MDT) istifadə edilir və müalicə, xəstəliyin formasından və ağırlıq dərəcəsindən asılı olaraq, adətən 6-12 ay davam edir. Müalicəyə vaxtında başlanılması sinir və dəri zədələnmələrinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır”.
Həkim cüzamın yayılması ilə bağlı yanlış təsəvvürlərin də aradan qaldırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, xəstəlik qısa müddətli təmasla asanlıqla yayılmır. Yoluxma əsasən müalicə olunmayan xəstə ilə uzunmüddətli və yaxın təmas nəticəsində baş verə bilər. Xəstə müalicəyə başladıqdan sonra yoluxduruculuq əhəmiyyətli dərəcədə azalır.
L.Şəfizadə cüzamdan qorunmada erkən diaqnostika və vaxtında müalicənin əsas amillər olduğunu qeyd edib. Onun sözlərinə görə, xəstəliklə bağlı miflər cəmiyyətin cüzamlı insanlara münasibətində əsassız qorxu və ayrı-seçkiliyə səbəb olmamalıdır:
“Cüzam keçmişdə olduğu kimi ümidsiz və sağalmaz xəstəlik deyil. Müasir müalicə üsulları sayəsində xəstəliyə nəzarət etmək və vaxtında müdaxilə ilə onun yaratdığı ağır fəsadların qarşısını almaq mümkündür”.