Tibb işçisinə sərmayə, vətəndaşın sağlamlığına sərmayədir - Rəşad Mahmudov

  • "Yeni əməkhaqqı siyasətində kadr çatışmazlığı olan regionların və ixtisasların ayrıca nəzərə alınmasını xüsusilə əhəmiyyətli hesab edirəm"

Birinci vitse-prezident Mehriban xanım Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev bu təşəbbüsü müsbət qarşılayıb və icrası ilə bağlı müvafiq tapşırıq verib. Bu, Tibb işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində növbəti mühüm addımdır.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov Sherg.az-a tibb işçilərinin maaşlarının artırılmasını vətəndaşa göstəriləcək xidmətə qoyulan sərmayə adlandırıb:

"Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisini əhatə edən yeni əməkhaqqı islahatı, ilk növbədə, səhiyyə işçiləri üçün çox sevindirici hadisədir. Ancaq düşünürəm ki, bu qərara yalnız əməkhaqqının artırılması və sosial təminat məsələsi kimi yanaşsaq, onun əsl mahiyyətini tam ifadə etmiş olmarıq.

Səhiyyədə ən böyük sərvət insandır. Xəstəxana tikmək, yeni avadanlıq almaq, müasir texnologiyanı ölkəyə gətirmək maliyyə və düzgün təşkilatçılıqla müəyyən müddətdə mümkündür. Peşəkar həkimin, tibb bacısının, anestezioloqun, neonatoloqun, cərrahın və ya başqa bir ixtisaslı tibb işçisinin yetişməsi isə uzun illər tələb edir. Bu səbəbdən hazırlanmış kadrı sistemdə qorumaq, onun əməyinə layiq olduğu dəyəri vermək səhiyyə siyasətinin ən vacib məsələlərindən biridir".

Parlamentari bildirib ki, məsələnin digər mühüm tərəfi regionlardır:

"Azərbaycanda son illərdə bölgələrdə çox ciddi səhiyyə infrastrukturu yaradılıb. Xəstəxanalar yenilənib, müasir tibbi avadanlıqlar quraşdırılıb. Lakin hər bir infrastrukturun real gücü orada çalışan insanlarla ölçülür. Əgər müəyyən bir rayonda müasir xəstəxana var, amma ehtiyac duyulan ixtisas üzrə həkim yoxdursa, həmin imkanın vətəndaş üçün faydası təbii olaraq məhdudlaşır.

Ona görə də yeni əməkhaqqı siyasətində kadr çatışmazlığı olan regionların və ixtisasların ayrıca nəzərə alınmasını xüsusilə əhəmiyyətli hesab edirəm. Regionda işləyən həkim üçün real stimulun yaradılması həm oradakı mütəxəssislərin qalmasına, həm də yeni və gənc kadrların bölgələrə getməsinə marağı artıra bilər.

Əslində, burada məqsəd həkimin harada işləməsi məsələsindən də böyükdür. Məqsəd vətəndaşın harada yaşamasından asılı olmayaraq tibbi xidmətə əlçatanlığını təmin etməkdir". 

Mütəxəssis qeyd edib ki, insan hər tibbi problem üçün yüzlərlə kilometr yol qət edib Bakıya gəlmək məcburiyyətində qalmamalıdır:

"Müvafiq imkan olduğu halda diaqnostika və müalicənin mümkün qədər insanın yaşadığı bölgədə aparılması həm xəstə, həm onun ailəsi, həm də bütövlükdə səhiyyə sistemi üçün daha doğrudur.

Əməkhaqqının artırılması, şübhəsiz ki, tibb işçisinin motivasiyasına da təsir göstərir. Amma burada bir məsələni də unutmamalıyıq: səhiyyədə keyfiyyəti yalnız maaşla yaratmaq mümkün deyil. Maddi təminatla yanaşı davamlı tibbi təhsil, peşəkar inkişaf, müasir iş şəraiti, düzgün idarəetmə, pasiyent təhlükəsizliyi və nəticələrin obyektiv qiymətləndirilməsi də paralel getməlidir. Maddi motivasiya peşəkarlıq və məsuliyyətlə birləşdiyi zaman onun real nəticəsini vətəndaş aldığı xidmətin keyfiyyətində hiss edir.

Prezident İlham Əliyevin səhiyyənin inkişafına göstərdiyi davamlı diqqət və Mehriban Əliyevanın uzun illər ərzində səhiyyə və sosial sahədə həyata keçirilən təşəbbüslərə xüsusi həssaslığı bu məsələdə də özünü göstərir. Son illərdə səhiyyə sistemində aparılan struktur dəyişiklikləri, icbari tibbi sığortanın tətbiqi, infrastrukturun yenilənməsi və tibbi xidmətlərin əlçatanlığının genişləndirilməsi fonunda indi insan kapitalının daha güclü şəkildə dəstəklənməsi məntiqli və vacib davamdır".

Sədr müavini bu səbəbdən yeni əməkhaqqı islahatına yalnız 72 mindən çox tibb işçisinin sosial rifahına yönəlmiş qərar kimi baxdığını söyləyib: 

"Bu gün tibb işçisinə verilən əlavə dəyər, əslində, sabah xəstəxananın qapısından daxil olacaq vətəndaşa göstəriləcək xidmətə qoyulan sərmayədir.

Bu qərarın ən böyük strateji mənası da məhz bundadır: Azərbaycan vətəndaşının Bakıda və ya ölkənin ən ucqar regionunda yaşamasından asılı olmayaraq, ehtiyac duyduğu anda peşəkar və keyfiyyətli tibbi yardıma çıxış imkanının daha da gücləndirilməsi".