Çelyabinsk Dövlət Universitetinin alimləri antiseptik məhlulun mikroqovuqlarından və lazer şüalanmasından istifadə etməklə yaraların təhlükəsiz şəkildə təmizlənməsinə imkan verən yeni cihaz hazırlayıblar.
Sherg.az xəbər verir ki, tədqiqatçıların “lazer tozsoranı” adlandırdıqları qurğu yaralı səthdəki ölü hüceyrələri və bakterial təbəqəni sağlam toxumalara zərər vermədən təmizləməyə imkan verir.
Yaraların sağalması zamanı ölü hüceyrələrin toplanması və ya yara səthində bakterial biofilmlərin yaranması sağalma prosesini əngəlləyə bilər. Mütəxəssislərin sözlərinə görə, bu hallar həm təsadüfi xəsarətlərdən, həm də cərrahi əməliyyatlardan sonra baş verə bilər.
Fəsadların effektiv şəkildə aradan qaldırılmaması isə ağır nəticələrə, o cümlədən ətrafların amputasiyasına və hətta ölümə səbəb ola bilər.
Çelyabinsk Dövlət Universitetinin alimləri Cənubi Ural Dövlət Tibb Universiteti, Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Tətbiqi Riyaziyyat İnstitutu və V.İ. İliçov adına Sakit Okean Okeanologiya İnstitutunun mütəxəssisləri ilə birlikdə yaraların sağalmasını ləngidən hüceyrə və bakterial çöküntülərdən effektiv şəkildə təmizlənməsinə imkan verən cihaz hazırlayıblar.
Çelyabinsk Dövlət Universitetinin Ümumi və Nəzəri Fizika kafedrasının baş müəllimi Anastasiya Ançuquvanın sözlərinə görə, qurğunun iş prinsipi stomatologiyada kök kanallarının təmizlənməsi zamanı tətbiq edilən müasir üsullarda istifadə olunan effektə bənzəyir.
“Lazer tozsoranı” necə işləyir?
Mütəxəssis bildirib ki, cihazın konstruksiyası iki bir-birinin içərisinə yerləşdirilmiş borudan və onların daxilində yerləşən lazer işıqötürücüsündən ibarətdir.
Qurğu yara səthinə sıx şəkildə yerləşdirilir və onun üzərində hərəkət etdirilir. Bu zaman xarici boru vasitəsilə soyuq antiseptik məhlul ötürülür. Lazerin təsiri nəticəsində məhlul cihazın çıxışında ani şəkildə qaynayır.
Yaranan buxar qabarcıqlarının partlaması boru ilə yara səthi arasındakı boşluqda təxminən 0,25 atmosferlik mənfi təzyiq yaradır. Nəticədə maye axını əmələ gəlir və yara səthindəki maddələri borunun daxilinə doğru çəkir.
Alimlər bunu mikroskopik “tozsoran” effektinə bənzədirlər.
Tədqiqatçının sözlərinə görə, proses idarə olunan burulğana bənzəyir: yaranan qabarcıqlar və maye axınları yara səthindəki bakterial təbəqəni, irin və ölmüş toxuma hissəciklərini qopararaq borunun daxilinə yönəldir.
Eyni zamanda, sağlam hüceyrələr zədələnmir. Əksinə, lazer şüalanmasının təsiri onların daha sürətli bərpasını stimullaşdıra bilər.
Hesablama nəticələri ilə eksperimental göstəricilərin üst-üstə düşməsi alimlərə cihazı artıq pasiyentlər üzərində sınaqdan keçirməyə imkan verib. Qurğu fleqmona, trofik xoralar, diabetlə əlaqəli və digər infeksiyalaşmış əməliyyatdan sonrakı yaraları olan pasiyentlərdə sınaqdan keçirilib.
Tədqiqatçılar yaxın gələcəkdə klinik sınaqların miqyasını genişləndirməyi və yeni texnologiyanın mövcud yara müalicəsi üsulları ilə müqayisəli tədqiqatını aparmağı planlaşdırırlar.