Hazırda Azərbaycanda qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət sabitdir - RƏSMİ

Azərbaycanda hazırda qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət sabitdir və narahatlıq doğuran hər hansı kütləvi yayılma müşahidə olunmur.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, cari ilin ilk altı ayı ərzində ölkədə həm qızılca, həm də suçiçəyi üzrə tək-tük yoluxma halları qeydə alınıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət davamlı nəzarətdə saxlanılır, daxil olan məlumatlar mütəmadi təhlil edilir və risk qiymətləndirilməsi aparılır. Müşahidələrin nəticələrinə əsasən, hazırkı mərhələdə əlavə epidemioloji risk qeydə alınmayıb.