İqlim dəyişikliyi təkcə ətraf mühitə deyil, həm də insanların sağlamlığına ciddi təsir göstərən əsas risk amillərindən biridir.
Sherg.az xəbər verir ki, bunu Türkiyə Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq Baş İdarəsinin rəisi Ərdoğan Öz bildirib.
Onun sözlərinə görə, havanın temperaturunun artması, istilik dalğaları, quraqlıq və ekstremal hava hadisələri su və ərzaq təhlükəsizliyini təhdid edir, havanın çirklənməsini artırır, həmçinin insanların psixi sağlamlığına mənfi təsir göstərir.
Ərdoğan Öz qeyd edib ki, iqlim dəyişikliyinin təsirləri xüsusilə körpələr, uşaqlar, yaşlılar, hamilə qadınlar, xroniki xəstəlikləri olan şəxslər, müntəzəm dərman qəbul edənlər və açıq havada çalışan insanlar üçün daha ağır keçir.
O bildirib ki, nazirlik süni intellekt dəstəkli sistemlər vasitəsilə temperatur artımı, quraqlıq və digər iqlim göstəricilərini səhiyyə məlumatları ilə müqayisə edərək mümkün riskləri əvvəlcədən müəyyənləşdirir.
Mütəxəssis vətəndaşlara meteoroloji xəbərdarlıqları diqqətlə izləməyi, xüsusilə günəş şüalarının daha güclü olduğu 10:00–16:00 saatlarında zərurət olmadıqca açıq havaya çıxmamağı, kölgədə qalmağı, papaq və gün eynəyindən istifadə etməyi tövsiyə edib. O, həmçinin uşaqların və ev heyvanlarının isti havada avtomobildə saxlanılmamasının vacibliyini vurğulayıb.
Ərdoğan Öz əlavə edib ki, baş ağrısı, başgicəllənmə, halsızlıq, huşun bulanması və ya huşun itməsi kimi əlamətlər müşahidə olunarsa, dərhal tibb müəssisəsinə müraciət edilməlidir.