Məktəbə qayıdış: Uşağın yuxu nizamını necə bərpa etmək olar?

Məktəblərin açılmasına az qalıb. Yay tətili boyunca gec saatlara qədər oyaq qalmağa və fərqli gündəlik rejimə öyrəşən uşaqların yuxu rejimini yenidən qaydaya salmaq vacibdir. Müntəzəm yuxu saatları uşaqların daha asan yuxuya getməsinə, gecə yuxusunun bölünməməsinə və səhərlər daha gümrah oyanmasına kömək edir.

Sherg.az xəbər verir ki, mütəxəssislər uşaqların yaşına uyğun kifayət qədər yatmasının dərs zamanı diqqət və konsentrasiyanın qorunması üçün mühüm olduğunu bildirirlər. Məktəbəqədər uşaqlara 13 saata qədər, yeniyetməlikdən əvvəlki uşaqlara 9-12 saat, yeniyetmələrə isə 8-10 saat yuxu tövsiyə olunur.

Yuxu saatını tədricən erkənləşdirin

Mütəxəssislər məktəblərin başlamasına 1-2 həftə qalmış uşaqların yatma saatının tədricən erkənləşdirilməsini məsləhət görürlər. Bunun üçün hər gecə yatmaq vaxtını 15-30 dəqiqə əvvələ çəkmək olar. Səhərlər gün işığından yararlanmaq da bioloji ritmin yenidən formalaşmasına kömək edir.

Uşağın məktəbə qayıdışla bağlı narahatlığı da yuxuya getməsinə mane ola bilər. Yeni məktəbi əvvəlcədən ziyarət etmək, sinif yoldaşları ilə tanış olmaq və uşağın narahatlıqları barədə onunla danışmaq bu gərginliyi azaltmağa kömək edə bilər.

Məktəb qayğılarını yuxu rejiminə təsir etdirməyin

Uşaqlara yatmazdan əvvəl ağır yeməklər vermək, həmçinin yuxudan təxminən iki saat əvvəl televizor və digər ekranlardan istifadə etməsinə icazə vermək məsləhət görülmür. Bunun əvəzinə duş qəbul etmək, kitab və ya hekayə oxumaq kimi sakitləşdirici fəaliyyətlərə üstünlük vermək olar.

Mütəxəssislər bildirirlər ki, yuxu rejimində dəyişikliklər tədricən aparılmalıdır. Kəskin dəyişiklik uşağın yuxusuz qalmasına və səhərlər özünü halsız hiss etməsinə səbəb ola bilər.