Psixoloqdan tövsiyə: Uşağın saçını kəsməsinə görə onu cəzalandırmayın

Uşağın öz saçını kəsməsi əksər hallarda psixoloji problem deyil, erkən uşaqlıq dövrünə xas olan maraq, kəşf etmə istəyi və impulsiv davranışın nəticəsidir.

Sherg.az xəbər verir ki,Türkiyəli klinik psixoloq Sevcan Aktaşın sözlərinə görə, bu davranış daha çox məktəbəqədər yaş dövründə müşahidə olunur və tək-tək baş verdikdə narahatlıq üçün əsas sayılmır. Mütəxəssis bildirir ki, valideynlər uşağa qışqırmamalı, onu utandırmamalı və ya "dəcəl" kimi etiketləməməlidirlər. Əvəzində, uşağın zərər görüb-görmədiyini yoxlamaq, iti alətləri təhlükəsiz yerdə saxlamaq və davranışın səbəbini sakit şəkildə anlamağa çalışmaq daha doğru yanaşmadır.

Psixoloq qeyd edib ki, saç kəsmə davranışı davamlı xarakter alarsa, uşaq saçını, qaşını və ya kirpiklərini təkrarlanan şəkildə yolarsa, bunu gizlətməyə çalışarsa və ya davranış gündəlik həyatına təsir göstərərsə, bu, trixotillomaniya (saç yolma pozuntusu) kimi psixoloji problemin əlaməti ola bilər. Belə hallarda uşaq psixiatrı və ya klinik uşaq psixoloquna müraciət etmək tövsiyə olunur.