Dünyada qadınların bədənin müxtəlif nahiyələrində kişilərlə müqayisədə daha çox ağrı hiss etdiyi müəyyənləşdirilib. Ağrının isə ən sürətli şəkildə 55 yaşdan əvvəl artdığı bəlli olub.
Sherg.az xəbər verir ki, araşdırmada 1990-2025-ci illər arasında 118 ölkədən 5 yaşdan başlayaraq 100 yaşdan yuxarı insanlara qədər 6 milyondan çox şəxsin məlumatları təhlil edilib. Tədqiqatçılar ağrının dünya üzrə yayılmasını və həyat boyu necə dəyişdiyini qiymətləndiriblər.
Qadınların ağrı göstəriciləri kişilərdən daha yüksəkdir
Tədqiqat zamanı baş, üz, boyun və ya çiyin, ayaq və ya topuq, əl və ya bilək, dirsək, döş qəfəsi, bel, mədə və ya qarın, bud və diz olmaqla, bədənin 11 nahiyəsində ağrılar araşdırılıb.
Qadınların bildirdiyi ağrı göstəricilərinin bu nahiyələrin hamısında kişilərdən daha yüksək olduğu müəyyən edilib.
Cinslər arasındakı fərqin xüsusilə baş, üz və qarın ağrılarında daha nəzərəçarpan olduğu məlum olub.
Ağrı göstəriciləri 55 yaşdan əvvəl sürətlə artır
Araşdırmaya görə, həm qadınlarda, həm də kişilərdə ağrı göstəriciləri 55 yaşdan əvvəl sürətlə yüksəlir, ağrı isə 75 yaş və daha yuxarı dövrdə ən yüksək səviyyəyə çatır.
İştirakçıların təxminən 40 faizi bel ağrısı yaşadığını bildirib. Üz ağrısı isə 2 faizlə ən az rast gəlinən ağrı növü olub.
Şiddətli ağrı təxminən 50 yaşda, bütün bədəndə hiss edilən ağrı isə 70 yaş ətrafında ən yüksək səviyyəyə çatıb.
Tədqiqatda dünyada ağrı yükünün 18,3 faizinin siqaret istifadəsi, piylənmə və ailə gəlirlərinin aşağı olması ilə əlaqəli olduğu hesablanıb.
Araşdırmanın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.