Karadeniz Texniki Universitetinin Yanıq Mərkəzinin məsul şəxsi, doktor Mehmet Uluşahin uşaqlarda isti su, çay, qəhvə və yeməkdən yaranan yanıqların artdığını bildirib.
Sherg.az xəbər verir ki, mütəxəssis valideynləri gündəlik həyatda sadə təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb.
Uluşahin qeyd edib ki, uşaqlarda yanıqlar çox vaxt adi məişət şəraitində baş verir. Süfrənin kənarında qoyulan isti çay və ya qəhvə, mətbəxdəki qaynar su, eləcə də isti yeməklər bir neçə saniyə ərzində ciddi yanıqlara səbəb ola bilər.
Onun sözlərinə görə, uşaqlar ətrafdakı əşyaları kəşf etməyə meyilli olduqları üçün masa üzərindəki stəkanı özlərinə tərəf çəkmələri və isti mayeni aşırmaları ağır yanıqlara gətirib çıxara bilər. Buna görə isti içkilər uşaqların çata biləcəyi yerlərdə, xüsusilə də masa kənarlarında saxlanılmamalıdır.
Mütəxəssis elektriklə bağlı xəsarətlərə də diqqət çəkib. Elektrik çaydanı və digər məişət cihazlarının kabellərinin aşağı sallanmaması, qazan qulplarının kənara çevrilməməsi və isti yeməklər uşaqların olduğu məkandan keçirilərkən ehtiyatlı olunması tövsiyə edilib.
Uluşahin bildirib ki, elektrik naqilləri ilə oynamaq, zədələnmiş kabellərə toxunmaq və ya elektrik yuvalarına yad əşyalar salmaq ciddi xəsarətlərə səbəb ola bilər. Onun sözlərinə görə, evdə sadə təhlükəsizlik tədbirlərinin görülməsi uşaqlarda ağır yanıqların qarşısını əhəmiyyətli dərəcədə ala bilər.