İran nüvə müqaviləsi və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvlüyündən çıxıb

İran nüvə obyektlərinə endirilən zərbələrdən və nüvə alimlərinin öldürülməsindən sonra faktiki olaraq Nüvə Silahlarının yayılmaması haqqında Müqavilə (NSYM) və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) üzvü olmaqdan çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbül Fəzl Zöhrəvənd TASS-a müsahibəsində bildirib.

“Düşünürəm ki, biz artıq faktiki olaraq NSYM-dən kənarda qalmışıq. Bizi həm agentlikdən, həm də NSYM-dən kənarlaşdırıblar. Bu, çox vacib məqamdır. Artıq heç nə elan etməyimizə ehtiyac yoxdur, sadəcə qərar qəbul edə bilərik. NSYM-dən çıxmaq məsələsinə gəlincə, hesab edirəm ki, bu mülahizələri rəhbər tutan ictimai rəyimiz müqavilədən çıxmağı tam dəstəkləyir”, – deyə o, sənədin 10-cu maddəsində nəzərdə tutulan İranın NSYM-dən çıxmaq imkanını şərh edərkən bildirib.

Deputat ölkəsinin nüvə obyektlərinə endirilən zərbələr və nüvə alimlərinin öldürülməsi yolu ilə faktiki olaraq “NSYM-dən kənara itələndiyini” qeyd edib.

“Faktiki olaraq biz artıq nə agentliyin, nə də NSYM-in üzvüyük”, – deyə Zöhrəvənd əlavə edib.