Azərbaycan NATO standartlarını daha yaxşı öyrənə bilər - ŞƏRH

  • Azərbaycan-Slovakiya əlaqələrinin getdikcə daha da inkişaf etməsi hər iki tərəf üçün çox faydalıdır

Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və təhlükəsizlik sahəsində tərəfdaşlığın daha da genişləndirilməsi baxımından əlamətdar hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində verilən mesajlar göstərir ki, Bakı ilə Bratislava münasibətləri yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, həm də NATO–Azərbaycan tərəfdaşlığının inkişafı, müdafiə sənayesi və regional təhlükəsizlik məsələlərini əhatə edən daha geniş strateji məzmun qazanır. Slovakiyanın 2027–2028-ci illərdə Azərbaycanda NATO-nun təmas ofisi kimi fəaliyyətini davam etdirəcəyinin açıqlanması da bu əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərən mühüm göstəricilərdən biridir.

Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a söyləyib ki, Slovakiyanın Azərbaycandakı səfirliyinin NATO-nun təmas ofisi kimi fəaliyyət göstərməsi Slovakiya NATO-Azərbaycan münasibətlərinin qurulmasında və inkişafında əsas ölkələrdən birinə çevrilməsi deməkdir:

“Bu, həm hər iki tərəfin bir-birinin təcrübələrini öyrənməsində, həm də Avropada və Cənubi Qafqazda regional təhlükəsizliyin yenidən formalaşmasında, yeni status-kvonun yaranmasında mühüm rol oynaya bilər. Həm də biz məsələyə təkcə bugünkü reallıq baxımından baxmamalıyıq. Çünki Azərbaycan-Slovakiya münasibətləri hələ 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərindən inkişaf etməyə başlayıb. Hələ o dövrdə müxtəlif sahələrdə iki ölkə arasında münasibətlərin ilkin addımlarını görmüşdük. Bu gün Azərbaycan və Slovakiya münasibətlərinin çoxşaxəli xarakter alması da həmin addımların məntiqi davamıdır və münasibətlər kəmiyyət və keyfiyyət baxımından yüksələn xətlə inkişaf edir. Hətta bir neçə il öncə Slovakiyanın Baş naziri açıq şəkildə bildirmişdi ki, Azərbaycan və Slovakiya birgə silah istehsalı məsələsini də nəzərdən keçirirlər. Burada bir sıra faktorlar var idi. Ermənistanın bəzi Avropa ölkələrindən, eləcə də Avropa İttifaqına üzv olmayan ölkələrdən, məsələn, İngiltərədən silah alması fonunda, eyni zamanda Slovakiya silahlarının Ukraynadakı uğurlu performansı Azərbaycanın Slovakiyanın hərbi sənayesini öyrənmək istəyini artırmışdı. Eyni zamanda Slovakiya tərəfi də yaxşı başa düşür ki, Qarabağ müharibəsində əldə olunan, əsrin qələbəsinə bərabər hesab edilən bu zəfər Azərbaycan Ordusunun həm texniki imkanlar, həm də canlı qüvvə baxımından nə qədər yüksək hazırlıq səviyyəsində olduğunun göstəricisidir. Slovakiya tərəfi də, əlbəttə ki, bu təcrübəni öyrənməklə öz gələcək addımları üçün müəyyən nəticələr əldə edəcək”.

Ekspert qeyd edib ki, təhlükəsizlik məsələləri əsas istiqamətlərdən biridir, amma digər mühüm məsələ iqtisadiyyatdır:

“ Slovakiya özü də Avropa ölkəsidir. Enerji baxımından xarici mənbələrdən asılı olan Avropanın nümayəndəsi kimi, Orta Dəhlizin və Cənubi Qafqaz-Azərbaycan marşrutunun ən yaxşı alternativlərdən biri olduğunu yaxşı başa düşür. Bu nöqtədə Slovakiya Azərbaycan-Avropa münasibətlərinin daha da yaxşılaşmasında həlledici faktora çevrilə bilər. Ona görə ki, Azərbaycan və Slovakiyanın xarici siyasətində bu günə qədər ciddi problemlər ya olmayıb, ya da o qədər az olub ki, biz bunu kütləvi formada müşahidə etməmişik. Amma tərəfdaşlığın və qarşılıqlı əlaqələrin miqyasının artmasını hər keçən gün görürük. Ona görə də həm təhlükəsizlik, həm də iqtisadiyyat sahəsində Azərbaycan-Slovakiya əlaqələrinin getdikcə daha da inkişaf etməsi hər iki tərəf üçün çox faydalıdır. Bu, həm təhlükəsizlik baxımından qarşılıqlı təcrübə mübadiləsidir. Azərbaycan NATO standartlarını daha yaxşı öyrənə bilər. NATO ölkələri ilə həm ittifaq çərçivəsində, həm də ikitərəfli münasibətlərini daha da inkişaf etdirə bilər və Slovakiya burada bir rol modelinə çevrilə bilər. Eyni zamanda Avropa ölkələri Qarabağdakı uğurlu əməliyyatın texniki və digər tərəflərini bir təcrübə modeli kimi öyrənməyə meyillidirlər. Biz bunu müxtəlif ölkələrin yanaşmalarında görmüşük və bu, onlara yeni təcrübələr əldə etmək imkanı verəcək. İqtisadi məsələlərdə də Azərbaycan öz enerji ehtiyatlarını sata bilər, yeni bazarlar qazana bilər, tranzit məsələlərində əməkdaşlıq arta bilər. Eyni zamanda Avropa da öz enerji asılılığını məhz Azərbaycan alternativi hesabına daha etibarlı şəkildə diversifikasiya edə bilər”.