Heç bir maneə Paşinyanın qarşısını ala bilməyəcək - Natali Aleksanyan "Şərq"ə danışıb

Sosial şəbəkələrdə və bəzi platformalarda Ermənistanın daxili siyasi prosesləri ilə bağlı müxtəlif iddialar və sənəd xarakterli materiallar yayılmaqdadır.

Bu məlumatlarda Rusiyayönlü siyasi qüvvələrin fəaliyyəti, onların müəyyən siyasi aktorlarla əlaqələri və ölkənin siyasi mühitinə təsir cəhdləri barədə müxtəlif qiymətləndirmələr yer alır. Həmin iddialara görə, Ermənistanda gedən proseslər təkcə daxili siyasi rəqabətlə məhdudlaşmır, həm də xarici təsir faktorları ilə sıx bağlı şəkildə təqdim olunur. 

Yayılan materiallarda “liderlər və rəy formalaşdıran şəxslər” bölməsi də yer alır. Siyahıda Stepan Danielyan, Boris Murazi, Artur Paronyan, Yervand Bozoyan, Samvel Akopyan və digər şəxslərin adları keçir. Sənədlərin digər hissəsində Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün mümkün ssenarilər təsvir olunub. Buraya daxili hakimiyyət çevrilişi, Paşinyanın istefası və müvəqqəti hökumətin yaradılması, növbədənkənar seçkilər daxil edilib.

Yayılmış materialların doğruluğu tam təsdiqlənməsə də, mövcud siyasi dinamika ilə bağlı müzakirələri daha da aktuallaşıb:

Erməni jurnalist və ekspert Natali Aleksanyan Sherg.az-a yayılan sənədlərlə bağlı açıqlama verib:

“Mən şəxsən bu sənədləri görməmişəm. Lakin təsdiq edə bilərəm ki, vəziyyət həqiqətən də sənəddə təsvir olunduğu kimidir. Bu gün Ermənistanda Rusiyayönlü siyasi qüvvələr yazılanlara ciddi şəkildə əməl edirlər.

Orada bütün aktiv aktorlar təsvir olunmayıb. Amma adı çəkilənlər öz rollarına tam uyğun gəlirlər. Biz Rusiya Federasiyasının Ermənistan Respublikasının suverenliyinə və konstitusiya quruluşuna qarşı genişmiqyaslı müdaxiləyə cəhd etdiyinin şahidi oluruq". 

Ekspert bildirib ki, heç bir maneə Paşinyanın qarşısını ala bilməyəcək:

"Bu qədər böyük resursların mövcudluğu belə, böyük əksəriyyəti baş nazirin tərəfində olan vətəndaşları fikrindən döndərməyə kömək etməyəcək".