Kılıçdaroğludan ilk addım: 3 vəkil vəzifədən uzaqlaşdırıldı

Türkiyədə müxalif Cumhuriyet Halk Partisi (CHP) ilə bağlı məhkəmə qərarından sonra partiyanın keçmiş sədri Kemal Kılıçdaroğlu ilk addımını atıb.

Sherg.az xəbər verir ki, Kılıçdaroğlu partiyada fəaliyyət göstərən üç vəkilin səlahiyyətlərinə xitam verib.

Ankara Regional Apellyasiya Məhkəməsinin 36-cı Mülki Kollegiyası CHP-nin 2023-cü ildə keçirilmiş 38-ci növbəti qurultayını “mütləq etibarsız” hesab edərək ləğv edib. Qərara əsasən, qurultaydan sonra keçirilən bütün növbəti qurultaylar da hüquqi qüvvəsini itirib.

Bu arada CHP rəhbərliyi qərardan narazı qalaraq məsələ ilə bağlı Türkiyənin Ali Seçki Şurasına (YSK) müraciət edib. Partiya sədri Özgür Özel qərara qarşı hüquqi mübarizəni davam etdirəcəklərini bildirib.

Kılıçdaroğlu isə yayımladığı açıqlamada məhkəmə qərarının partiya daxilində parçalanmaya deyil, birlik və həmrəyliyə xidmət etməli olduğunu vurğulayıb.