Parlament tribunası Ermənistan müxalifətinin əlini gücləndirəcək - Erməni politoloq

Ermənistanda parlament seçkilərindən sonra mandatları qəbul etmək qərarı verən müxalifətin parlamentdə fəaliyyət göstərməsi hakimiyyətə qarşı mübarizədə əlavə imkanlar yarada bilər.

Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu politoloq Armen Bağdasaryan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, "Güclü Ermənistan" və "Ermənistan" bloklarının mandatları qəbul etməsi küçə mübarizəsindən imtina anlamına gəlmir. Ekspert hesab edir ki, seçicilər müxalifətə hakimiyyət dəyişikliyi üçün səs veriblər və parlament tribunası bu məqsədə çatmaq üçün əlavə vasitə ola bilər.

Bağdasaryan bildirib ki, seçkidən sonrakı proseslər artıq başa çatıb və indi əsas məsələ hakimiyyətin xarici tərəfdaşların tələbi ilə atacağı addımların qarşısını almaqdır. Onun fikrincə, parlamentdə təmsil olunmaq müxalifətin mövqeyini gücləndirəcək.

Politoloq eyni zamanda hakimiyyətin müxalifətə təzyiqləri davam etdirəcəyini, xüsusilə də iri siyasi fiqurlara qarşı hüquqi addımların istisna edilmədiyini vurğulayıb. O, gələcəkdə "Güclü Ermənistan" blokunun lideri Samvel Karapetyan və "Ermənistan" blokunun lideri Robert Köçəryanın evlərində də axtarışların aparıla biləcəyini istisna etməyib.

Qeyd edək ki, iyulun 4-də Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinə edilən şikayətləri təmin etməyib və Mərkəzi Seçki Komissiyasının qərarını qüvvədə saxlayıb. Bundan sonra müxalif "Güclü Ermənistan" və "Ermənistan" blokları mandatları qəbul edərək mübarizəni parlamentdə davam etdirəcəklərini açıqlayıblar.