Qan vermək baş yarmaqdan yaxşıdır
Turan
08:37 07.09.2019
Siyasət
805
Müxalifət YAP-ın qanvermə aksiyası ilə bağlı çağırışına müsbət baxır
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məhərrəmlik ayı ilə bağlı açıqlama verib. Deputat insanları Aşura günündə məscidlərdə qan verməyə səsləyib: “İnsanlar özünü döymə, baş yarma hallarına yol verməsinlər. Özlərinə zəncir vurmaqdansa, qanvermə aksiyasında iştirak etsinlər”. Parlament üzvü vurğulayıb ki, müəyyən xəstəliklərdən əziyyət çəkən insanların qana ehtiyacı var: “Biz qan verməklə həmin insanlara kömək etmiş olarıq. Hakim Yeni Azərbaycan Partiyası hər il belə aksiya keçirir”. Millət vəkili müxalifəti də bu cür aksiyalar təşkil etməyə, qanvermədə fəal olmağa səsləyib: “Onlar nə ağac əkir, nə qan verir. Fəaliyyətləri ancaq söyüş və təhqirdən ibarətdir. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm. Gəlsinlər qan versinlər”. YAP rəsmisinin təklifi müxalif partiyalar tərəfindən müxtəlif cür qarşılanıb. Çağırışa münasibət bildirənlər mənəvi məsələlərdə iqtidar-müxalifət söhbətinin olmadığını deyiblər.
KXCP sədrinin müavini Xəzər Teyyublu “Şərq”ə deyib ki, müxalifət düşərgəsi də Azərbaycan ictimaiyyətinin tərkib hissəsidir və xalqın milli-mənəvi adətlərindən heç zaman kənarda qalmır:
“Təəssüflər olsun ki, uzun zaman məhərrəmlikdə başlarını yarıb, özlərinə xəsarət yetirənlər olub. Hətta Aşura günü əl-üz yumağın, su işlətməyin “qadağan” olduğunu iddia ediblər. Əslində bunların hamısı islama dəxli olmayan batil inanclar idi. Biz dəfələrlə partiya olaraq tövsiyə etmişik ki, müsəlmanlar bu cür hallardan uzaq durmalıdır. Baş yarmağın əvəzinə hansısa xeyir iş görsələr, qanvermə aksiyasına qoşulsalar, daha faydalı addım atmış olarlar. Ona görə də bu istiqamətdə müxtəlif aksiyaların, xeyriyyə tədbirlərinin keçirilməsi mümkündür və lazımdır. Hakim partiyanın aksiya təşkil etməsini və bununla bağlı çağırışını müsbət dəyərləndirirəm. Müxalifət düşərgəsi olaraq biz xalqın milli-mənəvi dəyərlərinin təbliğində heç zaman geri qalmamışıq. İstəyən gedib məscidə nəzir verər, kimsəsizlərə, ehtiyac sahiblərinə əl tutar. Mən də məhərrəmlik ayında üzərimə düşəni etməyə çalışıram,
şəhidlərimizi yad edirəm”.
AMİP-in Siyasi Şurasının üzvü Əli Orucov isə “Şərq”ə bildirib ki, məhərrəmlikdə qanvermə kampaniyası uzun illərdir ənənə halını alıb. Onun sözlərinə görə, hər il aşura günü minlərlə insan xüsusi yerlərdə qan verirlər:
“Bu, təbii ki, humanist addımdır. Mövhumatdan, xurafatdan uzaq duraraq, şəhid İmam Hüseynə və tərəfdarlarına sevgi və hörmət göstərmək məqbuldur. Siyasi təşkilatların üzvləri də hamı kimi bu kampaniyada fəal iştirak edirlər. Amma bunu ayrıca təşkil etməyin və təbliğatını aparmağın tərəfdarı deyiləm. Belə ümummilli əhəmiyyət kəsb edən günlərdə, ənənələrin yaşadılmasında ayrıseçkilik olmamalıdır. Siyasi partiyaların üzvləri ilk növbədə müsəlmandır. Siyasi baxışlarında fərqlilik olsa da, dini mənsubiyyətdə eynidirlər. AMİP 25 il əvvəl təkcə məhərrəmlikdə deyil, müxtəlif vaxtlarda qanvermə kampaniyaları təşkil edib. Toplanmış qanlar cəbhədə yaralanan əsgərlərin sağalmasında istifadə olunub. Şübhəsiz, bu dəfə də AMİP-çilər ölkə əhalisi kimi qanvermə kampaniyasında iştirak edəcəklər. Ancaq bunu hansısa müraciətə görə yox, daxildən gələn istəyə görə etmək lazımdır”.
AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli də “Şərq”ə vurğulayıb ki, müxalifət partiyaları dəfələrlə qanvermə aksiyası təşkil ediblər:
“12-13 il bundan əvvəl təmsil olunduğum Müsavat Partiyası qanvermə aksiyası təşkil etmişdi. İndi təmsil olduğum AĞ partiyada da üzvlər qan verirlər. Sadəcə bunun görüntü, reklam kimi anlaşılmaması üçün reklam etmirlər. Müqəddəs islam dininə görə, xeyir əməllərin deyilməməsi daha savabdır. Yəni Siyavuş Novruzovdan fərqli olaraq mən mütəmadi olaraq qan verirəm. Sadəcə mətbuata bu haqda informasiya verməyi düzgün saymıram. Demək olar ki, üç-dörd aydan bir qanvermə prosesini təkrarlayıram. Yoxlamaq istəyənlər qan bankında ad-soyadımı axtarıb tapa bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat