
Qadın sağlamdırsa, gələcək nəsil də sağlam olacaq
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Valideyn və müəllim dəstəyi önəmlidir
“Qız uşaqlarının maarifləndirilməsi təkcə onların şəxsi sağlamlığını deyil, eyni zamanda gələcək anaların və bütöv cəmiyyətin sağlamlığını müəyyən edir”
“Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində yer alan məlumata görə, Azərbaycanda erkən yaşda qadınlar arasında abort sayı artıb. Statistik məcmuədə bildirilir ki, 2024-cü ildə Azərbaycanda 78 245 abort qeydə alınıb. Onlardan 72 abort 15-17 yaş qrupuna aiddir. Statistik rəqəmlərdən də görünür ki, 2023-cü illə müqayisədə 2024-cü ildə 15-17 yaş qrupunda abort sayında artım baş verib. 2023-cü ildə bu yaş qrupu üzrə abort sayı 68 olub. 15-19 yaşlılar arasında isə aborta müraciət sayı 2751 nəfərdir. 2024-cü ildə bu yaş qrupu üzrə də abortların sayında artım müşahidə olunur. 2023-cü illə müqayisədə 15-19 yaş qrupu üzrə aborta müraciət edənlərin sayı 155 nəfər çox olub. Abort üçün müraciət edənlərdən 2 679 nəfər 18-19 yaş qrupuna aiddir. Bu yaş qrupu üzrə də 2023-cü ildə 2024-cü illə müqayisədə abort üçün müraciət edənlərin sayı 151 nəfər çox olub. Statistik mənzərə ümumilikdə Azərbaycanda erkən yaşlarda abort hallarının artdığını göstərir. Bu isə narahatlıq doğurmaya bilməz.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sherg.az-a açıqlamasında qeyd etdi ki, qadınlar arasında erkən yaşda abortlara müraciət edilməsi həm də erkən evlilik problemini gündəmə gətirir:

- Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Əvvəllər üzrlü səbəblərdən nikaha daxil olmaq istəyən, lakin nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilirdi. Ancaq Ailə Məcəlləsinə edilən son dəyişiklik bu halı ortadan qaldırdı. Buna baxmayaraq, ayrı-ayrı yerlərdə erkən nikah hallarına rast gəlinir. Dövlət orqanlarından xəbərsiz, dini nikahla evlənənlər olur. Biz daim buna qarşı olmuşuq, qanunları əldə əsas tutaraq rəsmi nikah sənədi təqdim edilmədən dini nikah bağlanmasının gənclərin həyatında sonradan bir sıra problemlər yaradacağını bildirmişik. Rəsmi nikah olmadan evlənənlər doğuş üçün xəstəxanalara bəzən müraciət etmir. Bu da həm gənc ana və körpə üçün də real təhlükə yaradır. Erkən nikahlara, eləcə də hamiləliyin dayandırılmasına – abortlara gətirib çıxaran səbəblərdən biri də qızlarımızın təhsildən erkən ayrılması, məktəbdən yayınmalarıdır. Qızlarımızın qadın sağlamlığı, qadın gigiyenası, analıq haqqında anlayışlarının olmaması da, səhvlərə yol vermələrinə səbəb olur. Bu barədə məktəblərdə qız şagirdlərə xüsusi mühazirələr keçilməli, maarifləndirmə aparılmalıdır. Evdə də valideyn – ana istər qız övladına, istərsə də oğlan övladına həyatı yaşına uyğun başa salmalıdır.
Qeyd edək ki, mama-ginekoloq Kəmalə Əfəndiyevanın Səhiyyə Nazirliyinin rəsmi saytında gənc qızların sağlamlığının qorunması ilə bağlı müsahibəsi yerləşdirilib. K.Əfəndiyeva bildirir ki, qız uşaqlarının sağlam inkişafı cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Cinsi yetkinlik dövrü başlayandan etibarən orqanizmdə baş verən bioloji, psixoloji və hormonal dəyişikliklər onların gələcək sağlamlığına bilavasitə təsir göstərir. Bu dövrdə qızlar bədənlərini tanımağa başlayır, özlərini və ətraf aləmi fərqli gözlə görürlər. Bu mərhələdə düzgün istiqamətləndirilmə və tibb mütəxəssislərinin maarifləndirici dəstəyi onların bədənlərinə qarşı məsuliyyətli münasibət formalaşdırmasına yardım edir:
- Erkən yaşlardan mütəmadi tibbi müayinələrin başlanması, düzgün gigiyenik vərdişlərin öyrədilməsi və emosional dayaq göstərilməsi, qadının həyat boyu fiziki və psixoloji sağlamlığını gücləndirən əsas amillərdəndir. Adətən menstruasiya 11-14 yaş arasında başlayır və ilk bir neçə ildə qeyri-müntəzəm ola bilər. Bu, bədənin yeni hormonal ritmə uyğunlaşması ilə izah olunur. Lakin əgər menstruasiya 16 yaşa qədər başlamayıbsa, bu artıq həkim müdaxiləsi tələb edən vəziyyətdir. Eyni zamanda, 6 aydan uzun fasilə, çox güclü və ağrılı qanaxmalar, həmçinin menstruasiya zamanı huş və ya iş qabiliyyətinin tam itməsi kimi hallar ciddi ginekoloji və endokrinoloji problemlərin əlaməti ola bilər. Bu dövrdə aparılan sadə müayinələr – ultrasəs və qan testləri ilə yumurtalıq funksiyası, hormon səviyyələri və daxili cinsiyyət orqanlarının inkişaf vəziyyətini qiymətləndirmək mümkündür. K.Əfəndiyeva hormonal dəyişikliklərin gənc qızlarda nə kimi sağlamlıq problemlərinə səbəb ola biləcəyini aydınlaşdırıb:
- Yeniyetməlik dövründə hormonal sistemin aktivləşməsi bəzən balanssızlıqla müşahidə olunur. Bu zaman dəridə sızanaqların çoxalması, aybaşı pozğunluqları, tərləmənin artması, təkrarlanan baş ağrıları, emosional dalğalanmalar və bədəndə arzuolunmaz tük artımı ilə rastlaşmaq olar. Bu hallar polikistik yumurtalıq sindromu (PKYS), qalxanabənzər vəzin pozğunluqları, prolaktin hormonunun artması və ya insulin dirənci kimi vəziyyətlərin əlaməti ola bilər. Bu cür problemlər nə qədər tez aşkarlanarsa, gələcəkdə sonsuzluq, piylənmə və metabolik sindrom kimi ağır nəticələrin qarşısını almaq bir o qədər mümkün olar. Hormonal balansın qorunması həm reproduktiv sağlamlıq, həm də ümumi həyat keyfiyyəti üçün əsasdır.
Həkim qeyd edib ki, gənc yaşda immun sistem hələ tam formalaşmadığı üçün infeksiyalara yoluxma daha asan baş verir:
- Xüsusilə düzgün gigiyenik vərdişlərin olmaması, sintetik alt paltarları, çox dar geyimlər, uyğun olmayan yuyunma vasitələri və ictimai yerlərdə gigiyena qaydalarına riayət edilməməsi infeksion riskləri artırır. Gənc yaşda bədəndəki dəyişikliklər – süd vəzlərinin böyüməsi, çəki artımı, dəridə dəyişikliklər – bəzən qızlarda utanma, narahatlıq və özgüvən əskikliyi ilə müşayiət olunur. Burada ailənin, müəllimlərin və həkimlərin dəstəyi çox vacibdir. Onlara bədənlərinin fərqli, gözəl və dəyərli olduğunu izah etmək, psixoloji dəstək vermək və ehtiyac olduqda psixoloqla işləmək gələcəkdə depressiya və psixosomatik xəstəliklərin qarşısını ala bilər. Sağlam və balanslı qidalanma qızların hormonal tarazlığının və sümük inkişafının qorunması üçün əsas amildir. Gənc qızların rasionunda zülallar, kalsium, D vitamini, dəmir və liflə zəngin məhsullar üstünlük təşkil etməlidir. Eyni zamanda, qazlı içkilər və yüksək şəkərli məhsullardan uzaq durmaq tövsiyə olunur. Fiziki hərəkətsizlik piylənmə riskini artırır. Bu isə öz növbəsində, menstruasiya pozğunluqları, PKYS və gələcəkdə ürək-damar xəstəliklərinə yol aça bilər. Hər gün orta intensivlikdə fiziki aktivlik – gəzinti, üzgüçülük, rəqs və ya idman – həm bədəni möhkəmləndirir, həm də psixoloji rahatlıq yaradır.
Həkim bildirib ki, profilaktik ginekoloji baxış cinsi aktivlik başlamadan öncə də həyata keçirilə bilər. 13-15 yaşından etibarən, fiziki dəyişikliklər varsa, ilk mama-ginekoloq müayinəsi tövsiyə olunur. Bu müayinə adətən invaziv deyil, sadə sorğu, fiziki müayinə və ultrasəs ilə aparılır. Gənc qız bu prosesdə sakitləşdirilir, ona baş verən dəyişikliklər izah olunur və bədənini qorumağın yolları öyrədilir. Profilaktik baxışlar zamanı bəzən gizli yumurtalıq kistaları, uşaqlıq anomaliyaları və ya hormon çatışmazlıqları erkən aşkarlanaraq müalicəyə başlanılır. Beləliklə, həm psixoloji, həm də reproduktiv sağlamlıq üçün gələcəkdə risklər minimuma endirilir. Qız uşaqlarının sağlamlığı ailədən və məktəbdən başlayır. Analar və müəllimlər gənc qızlara sağlam bədən, gigiyena, düzgün qidalanma və emosional dəstək mövzularında açıq şəkildə danışmağı bacarmalıdırlar. Cinsi tərbiyə və ginekoloji maarifləndirmə normal həyatın tərkib hissəsi olmalıdır. Eyni zamanda, sağlam və ya inkişaf qüsurlu uşaq dünyaya gətirən anaların da bu sahədə düzgün məlumatlandırılması vacib məsələdir. Bəzən genetik meyillilik, hamiləlik zamanı düzgün nəzarətin aparılmaması və ya ana sağlamlığının yetərincə qorunmaması nəticəsində uşaqlarda müxtəlif inkişaf problemləri müşahidə oluna bilər. Belə halların qarşısını almaq və gələcək hamiləliklərdə riskləri azaltmaq üçün qadınlara zamanında genetika, qidalanma, vitamin dəstəyi və ginekoloji nəzarətlə bağlı maarifləndirici məlumatlar verilməlidir. Qız uşaqlarının maarifləndirilməsi təkcə onların şəxsi sağlamlığını deyil, eyni zamanda gələcək anaların və bütöv cəmiyyətin sağlamlığını müəyyən edir. Gənclikdə atılan hər addım qadın sağlamlığının təməlini qoyur. Bu, istər düzgün qidalanma, istər gigiyenik qaydalara riayət, istərsə də tibbi nəzarət altında olmaq – qadının gələcək sağlamlığı üçün təməl rolunu oynayır.